"Siti" Mançester derbisindən 3 xalla ayrıldı

İngiltərə Premyer Liqasında 31-ci turdan təxirə salınan Mançester derbisi keçirilib.

Sportline.az xəbər verir ki, "Old Trafford" arenasında "Mançester Yunayted" komandası "Mançester Siti"ni qəbul edib. Qalib gələcəyi təqdirdə Xosep Quardiolanın komandası "Liverpul"u qabaqlayaraq ilk pilləyə yüksələcəkdi.

Gözlənildiyi kimi ilk dəqiqələrdən meydanda gərgin mübarizə gedib. Fasiləyədək hər iki komandanın təhlükəli hücumları olsa da, qapıçıların inamlı oyunu qolun qarşısını alıb. 2-ci hissədə qonaqlar təzyiqi artırıblar. Bu, 54-cü dəqiqədə Bernardo Silvanın dəqiq zərbəsilə nəticələnib. 1-0.

66-cı dəqiqədə Leroy Sane "qırmızı şeytanlar"ı 2-ci dəfə görüşə mərkəzdən başlamağa məcbur edib. 2-0. Bundan sonra da təşəbbüs "şəhərlilər"də olub. Sona qədər diqqətli oynayan "Mançester Siti" 2:0 hesabı ilə qalib gələrək 89 xalla yarış cədvəlində liderliyə yüksəlib. Komanda 2-ci yerdə olan "Liverpul"u 1 xal qabaqlayır.