"Sonadək mübarizə aparacağıq" - Qurban Qurbanov
Millimizin baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının ilk turunda evdə Kosovo ilə qolsuz bərabərə qaldıqları oyundan sonra mətbuat konfransı keçirib. SportLine.az Qol.az saytına istinadən xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Ağır oyun oldu. Bunu gözləyirdik. Rəqibin fərdi ustalıqlı oyunçuları var idi. İlk yarıda hər iki komanda ehtiyatlı idi, fasilədən sonra daha maraqlı oldu. Futbolçularımın nizam-intizamlarından razı qaldım.
- Sizə elə gəlmirmi ki, start heyəti səhv seçmişdiniz? Çünki ikinci hissədə meydana daxil olan futbolçular oyunun axarını dəyişə bildilər.
- Mən buna qorxaq futbol deməzdim. İlk yarıda rəqibin fərdi hazırlıqlı futbolçularının qarşısını aldıq.
- Milli komanda bundan da yaxşı oyuna qadirdir?
- Mütləq qadirdir. Bunun üçün futbolçular yaxşı çempionatlarda olmalıdır. Mən qorxmuram, sadəcə, faktları deyirəm. Futbolçularımızın daha yaxşı oynamaq potensialları var. Bunu gələcəkdə görəcəyik.
- Qələbəyə nə mane oldu?
- Rəqibi taktiki cəhətdən düzgün analiz etmişdik. Lakin çempionat aşağı səviyyədədirsə, ustalığı artırmaq mümkünsüzdür. Futbolçularımız sonadək aqressiv ola bildilər və rəqibdən çəkinmədilər.
- Cavid İmamverdiyev Malta ilə səfərdə oynaya bilər?
- Ola bilər. Amma bu, hazırlıqdan asılı olacaq.
- Oyun ərzində taktiki dəyişiklik etməyi düşünmədiniz?
- Rəqib elə də sadə oyunçulardan ibarət deyil. Futbolçu dəyişikliklərimizdən sonra oyunumuz sürətləndi. Rəqibə hücumlar qurmaq imkanı vermədik.
- Bugünkü heç-heçədən sonra şansları necə dəyərləndirərdiniz?
- Sonadək mübarizə aparacağıq. Ola bilər, 2 oyunda uduzasan, sonra qrup qalibi olasan. Sonadək mübarizə aparacaq, hər bir rəqibə qalib gəlməyə çalışacağıq.
- Almeyda son aylarda oyununu artırıb, yoxsa...?
- Almeydanın gerilədiyini deməzdim. Oyunundan razı qaldım. Yenə sərbəst çıxış edirdi.