"Söz verirəm ki, ikinci oyunda daha yaxşı “Qəbələ” görəcəksiniz" - Sənan Qurbanov
“Azarkeşlərimizdən üzr istəyirəm. “Qəbələ”yə yaraşmayan oyun oldu”. SportLine.az apasport.az saytına istinadən xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov deyib.
UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Proqres”lə qarşılaşan “qırmızı-qaralar” evdə 0:2 hesabı ilə məğlub olub.
Matçdan sonra mətbuat konfransı keçirən çalışdırıcı fikirlərini bölüşüb: “Səhvlərimiz var idi, amma ikinci oyunda daha yaxşı olacağını düşünürəm. Düzəlməyəcək nəsə yoxdu. Komanda şəklində ağır yükün öhdəsindən gələcəyik”.
- 0:2 hesabı ev oyunu üçün ağır nəticədi. Amma hər şey dəyişə bilər. Səfər matçı üçün hansı taktikanı seçəcəksiniz?
- Əgər onlar bizə iki top vurublarsa, mən sizə indi deyə bilmərəm ki, hansı taktikanı seçəcəm. İntizamlı olmağa çalışacağıq. Daha yaxşı olmaq istəyirik.
- “Qəbələ” çox ağır futbol oynadı. Sanki rəqibdən bir qədər çəkinirdiz...
- Rəqibin qapanacağını düşünürdük. Temp ağır idi. Futbolçular asan top itkilərinə yol verdilər. Çalışdıq ki, sürətli oynayaq, amma alınmadı.
- İlk 45 dəqiqədə hamı gördü ki, rəqib necə oynayır. Fasilədə niyə dəyişiklik etmədiniz?
- Bu haqda danışdıq, ümidimiz var idi, gözlədik ki, nəsə dəyişər. Amma alınmayınca məcbur cinahları işə qoşduq. Bu oyun bizə növbəti matç üçün çox material verdi.
- Yeni transferlərdən elə oyunçu oldumu ki, ümidlərinizi doğrultmadı?
- Oyunçuların qısa vaxtda “partlayış” edəcəyini gözləmirdik. Bəzi oyunçuların top qəbulundan narazı qaldıq. Amma yoluna düşəcəyini düşünürəm.
- Oyundan öncə düzülüşə baxanda Rauf Əliyevin hücumun sivri ucunda olduğunu gördük. Amma matçın gedişində çox geri çəkilirdi. Bu, taktiki gediş idi, yoxsa yarımmüdafiəçilər çatdıra bilmirdilər?
- Rauf hücumda tək idi, arxasında isə Asif Məmmədov başlamışdı. Bəzən Raufun geri çəkilməsi yarımmüdafiəçilərin onun yerinə girməsi üçün idi. Amma nə dərəcədə alındı, bunu video-analizdə biləcəyik.
- Sanki 45 dəqiqədən sonra rəqib artıq kəşfiyyatı bitirmişdi. Amma ikinci hissədə sol cinahdan hücumlarımız nisbətən kəsərli alınırdı və onlar üçün sürpriz oldu. Bunu daha əvvəl etmək olmazdımı?
- Rəqibin də boş zonaları var idi. Hücumlarımızı ordan qurmaq istəyirdik. Amma sadə top itkiləri ilə heç bir futboldan danışmaq olmaz. Buraxdığımız qollar da elementar səhvlərdən oldu. Söz verirəm ki, ikinci oyunda daha yaxşı “Qəbələ” görəcəksiniz.