"Spartak" Ayaz Quliyevi cəzalandırdı
Moskva "Spartak"ının rəhbərliyi azərbaycanlı futbolçusu Ayaz Quliyevi 5 milyon rubl məbləğində cərimələyib.
Sportline.az xəbər verir ki, buna səbəb 23 yaşlı yarımmüdafiəçinin komandanın məşqinə gədərkən piyadanı vurmasıdır. Quliyevin cəriməsi onun maaşından çıxılacaq. Bildirilib ki, oyunçu həmçinin əsas komandadan kənarlaşdırılıb və əvəzedici heyətə göndərilib. Lakin onun həmin kollektivlə də oyuna çıxması yasaqlanıb. Quliyevin aylıq maaşı 6 milyon rubl təşkil edir.
Qeyd edək ki, A.Quliyev aprelin 11-də Moskvanın Krasnoprudnaya küçəsində idarə etdiyi “Mercedes” markalı avtomobillə işıqforun qırmızı işığına məhəl qoymayaraq piyada xəttini keçən ABŞ vətəndaşı, 29 yaşlı Maykl Kou Con Eliyə toxunub. Daha sonra maşınından düşən yarımmüdafiəçi onunla mübahisə edib və yumruq zərbəsi ilə burnunu qırıb. Dərhal hadisə yerinə polis və təcili tibbi yardım maşını gəlib. Futbolçu əcnəbidən üzr istəyib və bütün xərcləri üzərinə götürüb. Bundan sonra zərərçəkən A.Quliyevə qarşı heç bir iddiasının olmamasına dair ərizə yazıb.
Bildirilir ki, A.Quliyev “Mercedes” markalı avtomobilini ötən ilin sonunda alıb. O, geridə qalan müddət ərzində bu maşınla 200 dəfədən çox yol hərəkəti qaydalarını pozub. Gənc oyunçu xüsusən də sürət həddinə məhəl qoymayıb.