"Stadiona bu qədər adam gələndə oynamaq xoş olur" - Ramil Şeydayev

Rusiyanın “Krılya Sovetov” komandasının formasını geyinən Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Samaranın “Voljskaya Kommuna” portalına geniş müsahibə verib.

SportLine.az "Report"a istinadən xəbər verir ki, 23 yaşlı hücumçu klub və yığma karyerasından danışıb.

- İdmançı ailəsindənsən?

- Atam gənc yaşlarında Azərbaycanda futbol oynayıb, lakin hərbi xidmətdən sonra davam etməyib. Ona görə də onun futbolçu olduğunu söyləmək olmaz. Mən isə bütün uşaqlar kimi küçədə oynayırdım. Yəqin ki, hamı belə başlayıb. Sonra atam futbola yazdırdı. İlk komandam elə də güclü deyildi. Doqquz yaşımdan isə “Zenit”dən seçimlərdən keçdim və əvəzedici komandaya qədər oynadım.

- 20 yaşında ölkə xaricinə getməyə qərar verdin. Bu, Rusiyadakı gənclər üçün nadir hadisədir. Gedişiniz necə baş verdi?

- Türkiyənin “Trabzonspor” klubundan təklif aldım. İndi bunu mühakimə edirəm. Bu, mənim ən yaxşı qərarım deyildi. Amma həmin vaxt əmin idi və əməlimə görə peşman deyiləm. Orada həm idman, həm də həyat təcrübəsi qazandım. Mənim üçün asan deyildi. Az oynayırdım və sonra getməli oldum.

- Türkiyədə futbol nə deməkdir?

- Həyatın böyük hissəsi. Bunu ilk növbədə azarkeşlərdən görmək olur. Rusiya və Türkiyənin top-komandalarına götürsək, eyni auditorya toplayırlar. Lakin ortabab və autsayderlərə nəzər salsaq, Rusiyada matçlara 1000 – 5000 arası azarkeş gəlir. Orada isə 20 min. Türkiyədə futbolu çox sevirlər. Onlar oxuyurlar, qışqırırlar, fişəng yandırırlar. Uduzanda isə matçdan sonra hansısa futbolçunu yaxalaya da bilərlər. Xoşbəxtlikdən mənimlə belə bir şey olmayıb. Amma sən bu ajiotajı hiss edirsən. Stadiona bu qədər adam gələndə oynamaq xoş olur.

- Türkiyədə sonra Slovakiyaya düşdünüz...

- “Trabzonspor”da az oynayırdım deyə, icarəyə getdim. Türkiyə ilə müqayisədə, Slovakiya çempionatının səviyyəsi çox aşağıdır. Buna rəğmən, Slovakiya, Çexiya, İsveç kimi ölkələrdən çox sayda futbolçu İtaliya, İngiltərə və ya İspaniyaya gedir. Bu, mənim əsas hədəfim idi. “Jilina”da mənim üçün maraqlı idi, oynayırdım, qol vururdum. Birinci yerlə Çempionlar Liqasına (ÇL) vəsiqə qazandıq. Amma III təsnifat mərhələsində “Kopenhagen”ə uduzduq. Bu məğlubiyyətdən sonra komandada dəyişiklər baş verdi və getməli oldum. Ehtiyat oyunçular skamiyasında oturmaq yox, oynamaq istəyirdim. Ona görə də yenidə icarəyə - Azərbaycanın ÇL-də çıxış edən “Qarabağ” komandasına yollandım. Yaxşı vaxtlar idi!

- ÇL-in himni ilə meydana çıxanda nə hiss edirsən?

- Bu, hər bir futbolçunun arzusudur. Çox əladır. Azərbaycan komandası tarixdə ilk dəfə ÇL-in qrupunda oynayırdı. Ajiotaj vardı. Komanda qrupa vəsiqə qazananda, insanlar bayram etmək üçün küçələrə çıxdılar. Bakı Olimpiya Stadionunda oynayırdıq. 65 minlik arena həmişə tam dolurdu. Çox yaxşı rəqiblər düşmüşdü - “Çelsi”, “Roma” və Avropa Liqasının gələcək qalibi “Atletiko”. Bu komandalara qarşı oynamaq əla idi. Özümüzü yoxlamaq istəyirdik və bu, komandamızda pis alınmadı. Bu təcrübəyə görə çox şadam.

- Hansı yaxşıdır: Azərbaycan çempionatında və ÇL-də oynamaq, yoxsa Rusiya çempionatında elitada qalmaq uğrunda mübarizə aparan klubda yer almaq?

- Rusiyada oynamaq. Hələlik Azərbaycanda futbol o səviyyədə deyil. Mövsüm ərzində 6 oyun naminə oynamağı düzgün saymıram. Artım yoxdur.

- "Qarabağ"dan "Krılya Sovetov"a keçidin necə baş verdi?

- Həyatım boyunca Rusiyada yaşadığımdan, "Krılya Sovetov"u tanıyırdım. Ona görə də təklif gələndə heç düşünmədim. Rusiyaya qayıtmaq istəyirdim və qayıtdım. Başa düşürdüm ki, bu komanda I Diviziondan Premyer Liqaya yenicə yüksəlib. Amma açığı, turnir cədvəlinin aşağı pillələrində yer alacağını bilmirdim. Biz aşağıda olmamalıyıq! Son turlarda hamı hətta yaxşı oyunun da təəssüf ki, bizə kömək etmədiyini gördü. Hələ artırmaq lazımdır. Mövsümün ikinci yarısında biz mütləq yüksələcəyik. Çünki bizim kimi oynayıb uduzmaq olmaz. Oyunumuz çox xoşuma gəlir. Fikrimcə, biz tezliklə qalib gəlməyə başlayacağıq.

- Əvvəlcə heyətə nadir hallarda düşürdün. Niyə?

- Yeni komandaya gələndə dərhal heyətə düşəcəyinə heç kim təminat vermir. Məşq edir, çox çalışır, hər bir oyuna hazırlaşırdım. Uzun müddət meydana çıxmasam da, ruhdan düşmədim, çalışdım, işlədim. Mənə şans verildikdə hardasa özümü azacıq göstərdim və məndə alındı.

- Azərbaycan millisinin perspektivini necə görürsünüz?

- Əlbəttə, Azərbaycanda futbol hələ çox inkişaf etməlidir. İrəliləyiş var, amma düzgün istiqamətə yönəltmək lazımdır. Hamı bilir ki, uşaq yaşlarından başlamaq lazımdır. Lakin belə alınıb ki, uşaq futbolu olmayıb və sonradan birdən-birə oyunçular yetişiblər. Bütün strukturu inkişaf etdirmək lazımdır. Fikrimcə, tezliklə Azərbaycanda güclü futbolçular yetişəcəklər. Bizim hazırkı yığma da daha yaxşı çıxış edə bilər. Əsas məsələ, özünəinamdır. Axı o biri komandalarda da eyni adamlar oynayırlar. Hamı üçün nümunə İslandiya yığmasıdır. Bu komanda bütün dünyaya göstərdi ki, çox güclü olmayan oyunçulardan da ən yaxşı millilərlə rəqabət aparan, Avropa və dünya çempionatına yüksələn komanda qurmaq olar.

- Azərbaycan AVRO-2020-nin qrup mərhələsində hansı ölkələrə rəqib olub?

- Qrupumuzda Xorvatiya, Uels, Macarıstan və Slovakiya yer alıb. Gücümüzü Uels və Xorvatiya ilə görüşlərdə sınamağı çox istərdik. Bunlar yüksək səviyyəli yığmalardır. Belə komandaların fonunda nəyə qadir olduğumuza nəzər yetirmək maraqlıdır.

- Amma Azərbaycan yığmasının hücum xəttində ciddi rəqabət var və son oyunlarda ehtiyatda qalırdın...

- İstənilən komandada rəqabət var. Bu da normaldır. Ruhdan düşməmək və işə davam etmək lazımdır. Axı istənilən an hər şey dəyişə bilər. Klubumda necə oynayacağımdan çox şey asılı olacaq. Çünki baş məşqçilərə hazır oyunçular lazımdır.

- Nəyə görə vətəndaşlığını dəyişmək qərarına gəldin? Axı buna görə Rusiya Premyer Liqasında legioner sayılırsan...

- Bunu anlayırdım. Amma Rusiya Premyer Liqasındakı istənilən komandada əsas heyətə düşmək uğrunda mübarizə hər bir halda lazımdır. Bu zaman legioner olub-olmamağın vacib deyil. Bu, təbii seçim kimidir - ən güclüsü yaşayır.

- Daxilən özünü rus, yoxsa azərbaycanlı hiss edirsən?

- Atam və babam kimi azərbaycanlı. Ümumiyyətlə, yarı tərəfim rusdur, amma belə məsələlərdə ata tərəfini götürürlər. Mən Rusiya azərbaycanlısıyam. Hər zaman belə hesab etmişəm. Hətta yığmada oynamağa hazırlaşmadığım vaxt da. Azərbaycanca bilirəm, amma tam yox.