"Sumqayıt" - "Zirə": Statistik göstəricilər

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək. "Zirə" bu mərhələdə "Sumqayıt”la qarşılaşacaq.

Sportline.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, tarixində ilk dəfə yarımfinala yüksələn və finala vəsiqə uğrunda mübarizə aparacaq komanda indiyədək bu rəqiblə yalnız Premyer Liqada üz-üzə gəlib. 

Kubokda ilk dəfə qarşılaşacaq komandalar ümumilikdə 17-ci duelə çıxacaq. Çempionatdakı 16 görüşdə "Zirə” böyük üstünlüyə malikdir. 9 qələbəsi olan komanda 3 heç-heçə edib və 4 dəfə uduzub. 21 qol vurub 12-ni buraxan komandanın heyətində Aleksandr Dedovla Vüsal İsgəndərli daha çox - hərəyə 3 dəfə rəqib qapısına yol tapıb.

"Gənclik şəhəri” təmsilçisi ilə səfərdəki 8 qarşılaşmada 3 qələbə, 2 heç-heçə və 3 məğlubiyyəti olan "Zirə” top fərqində minimal üstünlüyə sahibdir. 7 qol vuran futbolçular 6 top buraxıblar. Komandalar cari mövsümdə 5-ci dəfə qarşılaşacaq. İlk oyunda uduzan "Zirə” sonrakı görüşlərdə ardıcıl üç qələbə qazanıb. 2019-cu ilə təsadüf edən iki görüşdə isə "Qartallar” qol da buraxmayıb.