"Sumqayıt"a ciddi xəbərdarlıq edildi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportline.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, yığıncaqda ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunları və Azərbaycan Premyer Liqasının 26-cı turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

Kubokun 1/2 final mərhələsinin “Qəbələ” – “Qarabağ” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün əyalət klubu 800 manat cərimə olunub.

Yarımfinalın digər oyunu olan “Sumqayıt” – “Zirə” matçı başa çatdıqdan sonra meydan sahibi komandanın mühafizəçisi Elnur İbişov meydana daxil olduğuna görə kluba ciddi xəbardarlıq olunub.  Bu hal yenidən təkrarlanacağı təqdirdə "Sumqayıt"ı cəza gözləyir.

Premyer Liqanın 26-cı turunun “Sabah” – “Keşlə” matçında  qonaqların 5, "Zirə" - "Qarabağ" və "Səbail" - "Qəbələ" oyunlarında isə meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 800 manat cərimə ödəyəcəklər.