"Sumqayıt"a qol vurdu, "Zirə"nin tarixinə düşdü

Topaz Premyer Liqasının XII turunun "Sumqayıt”la qarşılaşmasında vurulan sonuncu qol "Zirə” üçün yubileylə əlamətdar olub. 

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bilal Həmdinin 90+6-cı dəqiqədə vurduğu top "Qartallar”ın Premyer Liqada 70-ci ev qolu olub. Bunu 52-ci görüşdə reallaşdıran qəsəbə təmsilçisinin öz meydanındakı orta məhsuldarlığı 1,35-ə bərabərdir.

Bilal Həmdi həm də özünün "Zirə”dəki qol hesabını açıb. Matçın sonunda fərqlənən fransalı yarımmüdafiəçi özünün yubiley – 10-cu matçında ilkə imza atıb. Əvvəlki 9 qarşılaşmada qol sevinci yaşamayan legioner bununla da görüşdə son nöqtəni qoyub – 3:1.

Qeyd edək ki, Bilal Həmdi "Zirə”nin tarixində qol vuran 50-ci futbolçu olub. O, bunu Premyer Liqada gerçəkləşdirən 29-cu oyunçudur.