Tale Heydərov "Qəbələ"dən istefa səbəbini açıqladı

Dünən "Qəbələ" İdman Klubu prezidentliyindən istefa verən Tale Heydərov açıqlama verib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, o, istefa verməyin vaxtı çatdığı üçün bu addımı atdığını söyləyib:

“Klubun 13 il boyunca inkişaf etməsini görmək möhtəşəm idi və mən nailiyyətlərimizlə qürur duyuram. Artıq mənim üçün bu vəzifədən getməyin və başqasına bu böyük klubu yeni qələbələrə daşımaq fürsəti verməyin vaxtı çatmışdır. Mən, klubun əməkdaşlarına, oyunçularına və ən əsası azarkeşlərinə klubu indiki səviyyəyə çatdırdıqları üçün təşəkkür edirəm və bilirəm ki, onlar daha böyük uğurlar qazanacaqlar.”

Klubun açıqlamasında isə qeyd edilir ki, dünən Tale Heydərov "Qəbələ" İdman Klubu prezidentliyindən istefa verib. Onun 13 il bu vəzifəni icra etdikdən sonra vəzifəsindən istefa qərarını indi verməsi kluba 2019-2020-ci il mövsümü üçün rəhbərlik dəyişikliyini rahat reallaşdırmaq imkanı verir.

Qeyd edək ki, Tale Heydərovun 13 illik rəhbərliyi altında "Qəbələ" İK möhtəşəm nəticələr qazanıb, kiçik təməldən başlayaraq​ Azərbaycan Premyer Liqasına yüksəlməklə ölkənin ən uğurlu komandalarından birinə çevrilib. "Qəbələ", Azərbaycan üçün rekorda imza ataraq iki il ardıcıl ilk mərhələdən başlayaraq UEFA Avropa Liqası qrup mərhələlərinə yüksəlib.