Tərlan Əhmədov: "Bu komandanın məğlubiyyət psixologiyası getmir ki, getmir"

Topaz Premyer Liqasının 23-cü turuna start verilib.

Sportline.az xəbər verir ki, Sumqayıt səfərindən 1:2 hesablı məğlubiyətlə dönən “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov oyundan sonra mətbuat konfransında təəssüatlarını bölüşüb. Mütəxəssis sabah klub rəhbərliyi ilə istefa barədə görüşəcəyini bildirib:

- Belə oyun haqda danışmağa çox söz tapmaq da olmur. Üstümüzdə təzyiq çox idi, zədəlilər də bir tərəfdən. Bu komandanın məğlubiyyət psixologiyası getmir ki getmir. Nə qədər danışırıqsa, söhbət ediriksə, yenə də həmin diqqətsizlik bizi məğlubiyyətə gətirib çıxarır. Ötən turda da sonlarda etdiyimiz səhv yenilgiyə səbəb olmuşdu. Son 3 turda komanda diqqətsizliyin qurbanı olur və bu da bilmirəm ki, nə ilə əlaqəlidir. Biz araşdırırıq, heyətdə rotasiyalar edirik və yenə də məğlubiyyətlər qaçılmazdır. Belə oyundan danışmaq çətindir. Görünən odur ki, “Keşlə”də komandanı düzəltməkdə çətinlik çəkdim. Bundan öncəki iş yerlərimdə mənim üçün nə qədər çətin olsa da, bacarmışdım. Ancaq etiraf edirəm ki, mən “Keşlə”də bunu bacara bilmədim. Sabah rəhbərliklə söhbətimiz olacaq.

- Klubdan getmək istəyirsiniz?
- Rəhbərliklə söhbətimiz olacaq. Məni bura onlar dəvət edib. Komandanı yarı yolda atmaq istəmirəm. Çünki 5 tur qalıb. Mən düşünürdüm ki, komandanı düşdüyü durumdan qaldırmaq olar. Ancaq gedişat göstərdi ki, burada görüləsi iş çoxdur. Sabah rəhbərliklə söhbətimiz olacaq. Hər şey ola bilər.

- Təzyiq rəhbərlik tərəfindən idi?
-  Hamımızın üstündə təzyiq var idi. Rəqibdə də, bizdə də təzyiqlər var idi. Hər iki komanda son pillədən qurtulmaq istəyirdi. Mətbuatın da təzyiqi var idi. Səfər oyununun təzyiqi olur. Rəhbərliklə bağlı nəsə yoxdur.

- “Keşlə”də bacarmadığınızı bildirdiniz. Bu komandanı toparlamaq üçün hansı addımlar atılmalıdır?
- Bilmirəm. Addımlar lap əvvəl atılmalı idi. Mənə qədər iki məşqçi getmişdi. Onlar da uğursuzluq qurbanı oldular. Yayda daha keyfiyyətli futbolçular cəlb edilmləlidir. Çox şey demək istəyirəm, amma söyləmirəm. Əgər bu işi bacarmırsansa, başqa biri həll edə bilər.

- Sizin özünüzdə də sanki bir ruh düşkünlüyü hiss edilir. Sona 5 tur qalıb və komandanı son pillədən xilas etmək mümkündür.
- Xatırlayırsınızsa, o vaxt AZAL-da işləyəndə heyəti özüm toplamışdım. 2 legioner var idi, lider də Rail Məlikov idi. Amma komandanın ruhu və istəyi var idi. Pul olmasa da, mənim üçün canlarını ortaya qoymağa hazır idilər. Belə mehriban kollektiv yaratmışdıq. Ancaq o ailəni burda qura bilmədim. Bu oyun komandaya və qarşıdakı 5 oyuna böyük zərbə ola bilər. Heç-heçə olsaydı, bir balaca komanda özündə olardı. Heç vaxt heç kəsi yarı yolda qoymamışam, xarakterimə bələdsiz. Ancaq kimsə bunu 5 tura daha yaxşı bacara bilər və komandaya kömək edə bilər.

- Bilərəkdən oynamaq istəməyən futbolçular var?
- Bu barədə heç vaxt fikirləşmirəm. Bilərəkdən necə oynamamaq olar, onu bilmirəm. Bunu düşünmək çətindir. Bunu ağlımdan keçirmərəm. Komanda Avropa Liqasının ilk təsnifat mərhələsində mübarizəni dayandırdıqdan sonra uğursuz çıxışa davam edir. Bir oyun qalib gəlirsə, bunun ardı gəlmir. Ən böyük zərbə “Baltsan”la cavab oyununda oldu. O oyun 3:0 ola bilərdi və buna imkan var idi. Bütün məşqçilər korpusu oyunları analiz edirik. Həmin oyun uğursuz sindromun başlanğıcı idi. Etiraf edirəm ki, “Keşlə”də bu işi bacarmadım.