Tərlan Əhmədov hakimlikdən narazı qaldı
"Ötən oyunda bəzi səhvlərə yol vermişdik. Ona görə bu gün kompakt oynayaraq, rəqibi əks-hücumda yaxalamağa çalışdıq. Belə oyunda futbolçular diqqətli olmalıdırlar. Bir səhv matçın nəticəsini həll etdi. Qarşıda cavab oyunu var. Cütün taleyi dekabrın 20-də həll olunacaq. Daha diqqətli oyun sərgiləməyə çalışacağıq".
SportLine.az Sportnet.az saytına istinadən xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov səfərdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun ilk 1/4 final matçından sonra mətbuat konfransında deyib. 47 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb.
- Rəqibin "Qarabağ" olduğunu nəzərə alsaq, bu məğlubiyyətin əvəzini cavab görüşündə çıxmaq mümkündür?
- Mümkünsüz heç nə yoxdur. 0:1 hesabı ilə uduzsaq da, daha yaxşı oynayıb qələbə qazanmağa çalışacağıq. Mümkünsüz heç nə yoxdur.
- Zaur Axundov sanki hakimlikdən razı qalmamışdı...
- Cərimə zərbəsi təyin edəndə məsafə 9,15 metr olmalıdır, 12 metr yox. Gənc hakimlər təyinat alırlar. Bu da oyuna təsir edir. Adi toxunuşa fit çalanda temp aşağı düşür. Narazılıq varsa, boşuna olmaz.
- Con Ayite əvəzlənəndə narazı görünürdü...
- Mənə də qaranlıqdır. Bilmirəm. Araşdırarıq, özündən soruşarıq ki, nə məsələdir.