Tərlan Əhmədov: "Qol qeydə alınmamalı idi"

Topaz Premyer Liqasının XXV turunda "Qarabağ" "Keşlə"yə 3 cavabsız qolla qalib.

Sportline.az xəbər verir ki, oyundan sonra mətbuat konfransında "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov görüşü dəyərləndirib.

- Rəqibi təbrik edirəm. "Qarabağ" çempionluq yolunda vacib 3 xal qazandı. Buraxdığımız səhvlər məni məyus edir. Ən çox da ilk qolda gənc qapıçımızın ağır zədə alması oldu. İnşallah, xoş xəbər gəlsin. Onsuz da itirə-iitirə gedirik. Şahin Zəkiyevdə də ağır zədə olsa, mövsümün sonunu 1 qapçıyla yola verəcəyik. Bu səhvlər məni də artıq yorur. İkinci hissədə buraxılan səhvlər məndə başqa fikirlər formalaşdırır. Çalışıram ki, əsəblərimi qoruyub.

- Şahinin vəziyyəti necədir?

- Hazırda xəstəxanadadır. Burnu və göz altında sümüyü sınıb.

- "Texniki zona"dan niyə uzaqlaşdırıldınız?

- Şahinə ilk zərbəyə və bunadək Kamaraya verilən sarı vərəqəyə etiraz etdim. O, 4-cü sarı vərəqəsini alaraq cəzalı oldu. Orda heç bir dirsək yox idi, ancaq sarı vərəqə verilir.

- Etirazınız konkret nəyə idi?

- Qapıçımıza Mahirin təpiyinin dəyməsinə. Hakim bunu görməli idi, qol qeydə alınmamalı idi.

- Həmişə 90 dəqiqə oynatdığınız Nikola Mitroviçi niyə fasilədə əvəzlədiniz?

- Onda yorğunluq hiss olunurdu.

- Dediniz ki, məndə bəzi fikirlər formalaşır. Nədi bunlar?

- Son oyunları götürsək, bütün qollar ikinci hissəyə təsadüf edir. Bunlar sınma nöqtəsi olur. Qış fasiləsindən sonra yalnız ikinci hissədə qol buraxırıq. Çox fikirlər formalaşır. Bunlar hazırda araşdırılmalıdır, ancaq buna vaxtımız yoxdur. Səbəbini soruşuruq ki, niyə bunlar fasilədən sonra olur. Qollar buraxandan sonra komanda ayılır.

- Totalizator ola bilər?

- Bilmirəm. İmanımı yandırıb kiminə haqqına görə bilmirəm.