"Tottenhem" son dəqiqələrdə sevindi

İngiltərə çempionatının bürünc mükafatı uğrunda mübarizə aparan “Tottenhem” 33-cü turdan təxirə salınan görüş çərçivəsində “Brayton”u qəbul edib.

Sportline.az xəbər verir ki, meydan sahibləri görüşə daha fəal başlayıblar. Maurisio Poçettinonun komandası rəqibindən üstün oyun göstərsə də, ilk hissədə hesab açılmayıb.

Hücumlarını daha da gücləndirən “Tottenhem” matçın sonlarında sükutu pozub. 88-ci dəqiqədə Dele Allinin ötürməsindən sonra Kristian Eriksen topu rəqib qapısından keçirib. Minimal hesabla qalib gələn “Tottenhem” 70 xalla yarış cədvəlində ilk üçlüyü tamamlayır. Hesabında 34 xalı olan "Brayton" isə 17-ci pillədə qərarlaşıb.