"Tottenhem"in "Siti" üzərindəki minimal hesablı qələbəsi

UEFA Çempionlar Liqasında 1/4 finalın digər görüşündə İngiltərə komandaları üz-üzə gəliblər.

Sportline.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən oyunun taleyini 1 qol həll edib. Yeni stadionunda “Mançester Siti”ni qəbul edən “Tottenhem” oyuna yaxşı başlamayıb.

Meydan sahiblərindən Deni Roz cərimə meydançasında əllə oyuna görə qonaqlara penalti qazandırıb. 13-cü dəqiqədə qapıçı Uqo Lyoris 11 metrlik nöqtəyə yaxınlaşan Serxio Aqüeronun zərbəsini dəf edib. Fasiləyədək qol vurulmayıb.

Hesab 78-ci dəqiqədə açılıb. Son Hun-Min komandasının qələbə qolunu vurub. Minimal hesabla məğlub olan “Mançester Siti” aprelin 17-də doğma meydanda cavab qarşılaşmasına çıxacaq. Görüş Bakı vaxtı ilə saat 23-də başlanacaq.