"Uduzmuşuqsa, deməli, hamı pis oynadı" - Sənan Qurbanov

"Nə planlaşdırmışdıqsa, heç biri alınmadı. Bunu da rəqibin hər komponentdə bizdən güclü olması ilə əlaqələndirirəm”. 

SportLine.az Sportnet.az saytına istinadən xəbər verir ki, bunu "Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının XI turunda "Qarabağ”a 1:3 hesablı məğlubiyyətdən sonra deyib. Onun sözlərinə görə, rəqib ikinci hissəni daha yaxşı keçirib: "Belə olan halda 90 dəqiqə müdafiədə oturduq. Bu da futbolçuların fiziki gücünün tükənməsi ilə nəticələndi. Qısacası, "Qarabağ” bizdən güclüdür”.

- Rəqib 48 saat əvvəl Bakıya gəlib və yorğundur. Bunun fonunda ikinci hissədə 3 qol vurmaqlarına izah verməyinizi istərdik...

- "Qarabağ” təcrübəli komandadır, belə qrafikdə oynamağın öhdəsindən gələ bilir. Birinci hissədə əzmkarlıq var idi. Amma bu, 45 dəqiqə bəs etmir.

- Cavid Hüseynov yenə meydanda ayaqlarını sürüyürdü. Onu əvəzləməməyinizin səbəbi nədir?

- Cavid bəzi məqamlarda səhv etsə də, uduzmuşuqsa, deməli, hamı pis oynadı. Oyunumuzdan həddən artıq narazıyam. Rəqibi meydanın özünə aid hissəsində qarşılamaq istədik. Amma alınmadı.

- Cəmi bir əvəzləmə etdiniz. Başqa ehtiyat qüvvəniz yoxdur? Eyni zamanda düşünmürsüz ki, əvəzləməni gec etdiniz? Rauf Əliyevi niyə meydana buraxmadınız?

- Oyunun axarı elə idi ki, dəyişiklik etmək istəyirdim. Amma Rasimi standart vəziyyətlərə görə meydana buraxdım. Rauf inandığımız futbolçudur. Amma bu dəfə fərqli qərar verdim.

- Qış fasiləsini intizarla gözlədiyinizi demək olar, yoxsa heyətin güclənməsinə inamınız yoxdur?

- Əlbəttə, güclənməyimizi istərdim. Amma əlimizdə olan heyətdən maksimum yararlanmağa çalışacağıq.