UEFA Avropa Liqasının kuboku Gəncədə
UEFA bütün Avropada futbol azarkeşlərinə Avropa Liqasının əfsanəvi kubokunu görmək imkanı yaradan Kubok turu təşkil edib.
Sportline.az AFFA-ya istinadən xəbər verir ki, kubok turu Cenevrədən başlayaraq, Sevilya, Berlin, London, Milan, Moskva, Parisi ziyarət edib.
Daha sonra kubok Azərbaycanın paytaxtı Bakıya gətirilərək ertəsi gün Azərbaycanın ikinci böyük şəhərinə - qədim Gəncəyə aparılıb. Şəhər icra hakimiyyəti binasının önündəki meydançada bayram ab-havasının yaradılması üçün konsert proqramı təşkil olunub. Proqramın açılışı “Talant” qrupunun ifasında Nağara şounun əyləncəli ritmləri ilə keçib. Bundan əlavə, konsertdə “Seven band” qrupu ilə tanınmış caz ifaçısı Leyla Kafari və ölkədə tanınan DJ AKG çıxış edib.
Avropa Liqasının kubokunu yaxından görüb şəkil çəkdirmək istəyən futbol azarkeşləri üçün şəhər icra hakimiyyəti binasının qarşısındakı meydanda şəkil zonası quraşdırılıb. Bundan əlavə, bütün qonaqlara müsabiqələrdə iştirak edərək Bakıda keçiriləcək Avropa Liqasının finalına iki bilet qazanmaq imkanı yaradılıb.
Tədbirin maraqlı məqamlarından biri də Avropa Liqasının final oyununun səfiri Vəli Qasımovla avtoqraf sessiyası olub.
Azyaşlı qonaqlar üçün face-artla, animator və oyunlarla uşaq zonası, həmçinin uşaq futbolu üzrə master-klass dərsləri ilə mini meydança yaradılıb və digər əyləncələr təşkil edilib.
Kubokun növbəti dayanacağı mayın 21-də Cəbrayıl rayonunun 2016-cı ildə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndi olacaq.