UEFA Avropa Liqasının tarixi

UEFA Avropa Liqasının Bakı finalına sayılı günlər qalır.

Sportline.az xəbər verir ki, paytaxtımız turnirin tarixində 48-ci həlledici matça ev sahibliyi edəcək.

Bakı Olimpiya Stadionunda İngiltərənin “Arsenal” və “Çelsi” komandaları üz-üzə gələcək. Maraqlıdır ki, turnirin ilk finalının iştirakçıları da dumanlı Albion təmsilçiləri olub.

Qitənin ikinci ən nüfuzlu klub turniri - Avropa Liqasının tarixi 1971-ci ildən başlanır. İlk vaxtlar “Şəhərlər kuboku” adlanan yarışın ilk finalçıları İngiltərə təmsilçiləri olublar. “Tottenhem” “Vulverhemton”la mübarizədə iki oyunun nəticəsinə görə 3-2 hesabı ilə qalib gələrək fəxri mükafata sahib olmuşdu. Maraqlıdır ki, 47 il sonra məhz Azərbaycan paytaxtında təşkil olunacaq yarışın həlledici matçında yenə İngiltərə klubları qarşılaşacaq.

“Şəhərlər kuboku” adı ilə keçirilən turnirin adı sonralar bir neçə dəfə dəyişdirilib.  Uzun illər UEFA Kuboku adlanadırılan turnir, 2009/2010-cu illər mövsümündən UEFA Avropa Liqası adı altında təşkil olunur. Turnirin yeni adı ilə ilk çempionluğunu qazanan komanda isə finalda “Fulhem”i 2-1 hesabı ilə məğlub edən Madrid “Atletiko”su olub.

Xatırladaq ki, turnirin tarixi ərzində 10 ölkənin təmsilçisi kuboku muzeyinə aparıb. Bakı finalının nəticəsindən asılı olmayaraq bu rəqəm dəyişməyəcək. Ümumilikdə 26 klub yarışın tarixində fəxri mükafatı qazanıb. Kuboka ən çox - 9 dəfə İtaliya komandaları yiyələnsələr də, ali mükafatı hamıdan çox İspaniyanın “Sevilya” klubu əldə edib.  Elə Avropa Liqasının son qalibi də Piriney təmsilçisidir. “Atletiko” Madrid həlledici görüşdə “Olimpik” Marselə 3 cavabsız qolla qalib gələrək tarixində 3-cü dəfə kuboka sahib olub.

Mükafatdan söz düşmüşkən, Avropa Liqasının qalibinə təqdim olunan kubok 1972-ci ildə italiyalı memar Flaminio Bertoni tərəfindən hazırlanıb. Gümüşü rəngdə olan kubokun çəkisi 15 kqdır.

Turnin adı kimi, himnində də dəyişiklik olub. 2009-cu ildə Paris operasının ifa etdiyi himn 2015-ci ildə digər musiqi ilə əvəzlənib. Almaniyalı bəskəkar Mixael Kadelbax turnirin hazırkı himninin müəllifidir.

Bakı artıq Avropa Liqasının 2018/2019-cu il mövsümünün həlledici matçını qəbul etməyə tam hazırdır. “Arsenal” və “Çelsi” komandalarının qarşılaşacağı Bakı Olimpiya Stadionunda oturacaqların sayı 70 minə çatdırılıb ki, bu da tamaşaçı sayı baxımından turnirin tarixində rekord göstərici ola bilər. Xatırladaq ki, 1999-cu ildə  Moskvanın “Lujniki” arenasında “Parma” və “Marsel” komandalarının qarşılaşmasını 62 min azarkeş izləyib. Bakı finalında daha bir ilk VAR sistemi ilə bağlıdır. Turnirin tarixində ilk dəfə videotəkrar sistemi məhz Azərbaycan paytaxtında reallaşacaq.

Həlledici matçda “Arsenal” və “Çelsi” komandalarının qarşılaşacağı Bakı Olimpiya Stadionunda ot örtüyü ideal vəziyyətə gətirilib. İstər yerli, istərsə də əcnəbi jurnalistlərin fəaliyyəti üçün arenada yüksək şərait yaradılıb. Azarkeşlərin stadiona rahat giriş və çıxışını təmin etmək üçün könüllülərin xidmətindən istifadə olunacaq. Bir sözlə, final matçının ən yüksək səviyyədə təşkili üçün Bakı Olimpiya Stadionunda bütün lazımı şərait yaradılıb. Əminliklə söyləmək olar ki, nüfuzlu beynəlxalq yarışların keçirilməsində böyük təcrübəyə malik Azərbaycan bu dəfə də yüksək təşkilatçılğı ilə seçiləcək və ölkəmiz idman sahəsində daha bir uğura imza atacaq.