UEFA-nın Bakıdakı iclasında vacib qərarlar

Bu gün tarixdə ilk dəfə Bakı şəhərində UEFA İcraiyyə Komitəsinin iclası keçirilib.

Sportline.az xəbər verir ki, 4 saatdan artıq davam edən iclasda UEFA prezidenti Aleksander Çeferin Bakı şəhərinin Avropa futbol qurumunun İcraiyyə Komitəsinin toplantısına ev sahibliyi etməsi ilə əlaqədar AFFA-nın baş katibi Elxan Məmmədova plaket təqdim edib.

İclasdan sonra mətbuat konfransı təşkil olunub. İcraiyyə Komitəsində qəbul olunmuş qərarlar barədə məlumat verən Çeferin daha sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

İclasda qadınlar arasında 2021-ci il UEFA Çempionlar Liqasının final oyununun keçiriləcəyi stadion bəlli olub. Matç İsveçin Höteborq şəhərindəki "Qamla Ullevi" stadionunda baş tutacaq.

Toplantıda həmçinin futbol matçlarında beyin silkələnməsi zamanı əlavə əvəzetmənin mümkünlüyü müzakirə olunub və oyun qaydalarında müvafiq dəyişiklik üçün FIFA-ya müraciət etdilməsi qərara alınıb.

İclasda İpsaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales UEFA-nın vitse-prezidenti təyin olunub. Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qrae isə UEFA-nın 2020-ci ildə keçiriləcək konqressinə qədər FIFA Şurasına avropalı üzvü olacaq.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin növbət iclası bu il sentyabrın 24-də Sloveniyanın paytaxtı Lyublyanada olacaq.