UEFA prezidenti: "Bakıdakı azarkeşlər canlı futbol görmək istəyində haqlı deyillərmi?!

UEFA-nın prezidenti Aleksandr Çeferin Almaniyanın “Der Şpigel” nəşrinə müsahibə verib.

Sportline.az xəbər verir ki, qitə futbol qurumunun prezidenti Bakıdakı final, azərbaycanlı azarkeşlər, biletlər və Mxitaryan barədə danışıb.

"Orada yaşayan insanlar futbolu sevirlər. Təkcə İngiltərə və Almaniyada deyil, hər yerdə futbolu inkişaf etdirməliyik. Bakıdakı azarkeşlər canlı futbol görmək istəyində haqlı deyillərmi?!
 
Klublar birbaşa biletləri geri qaytarıblar, çünki hamısını sata bilməyiblər. Yeri gəlmişkən, mən asan uçuşlar üçün aviabiletlərin olduğunu söylədim. Lakin kimsə bu haqda danışmır. Həmişə UEFA günahkar kimi göstərilir. Bu populizmdir. Hər klubun səyahət edən azarkeşlərini dəstəkləmək üçün konstruktiv təklifi, yaxud fondu olur. Əlbəttə, Bakı Londondan uzaqdır, lakin final üçün yer seçərkən həlledici görüşdə hər iki komandanın İngiltərədən olacağı bilinmirdi.

Çeferin erməni futbolçu Henrix Mxitaryanın Bakıya gəlməməsinə də münasibət bildirib: “Azərbaycan hərtərəfli təhlükəsizlik planı və zəmanət təqdim etdi. Lakin gəlməmək oyunçunun öz qərarı idi”.

Xatırladaq ki, mayın 29-da Bakı Olimpiya Stadionundakı finalda İngiltərənin "Çelsi" və "Arsenal" klubları üz-üzə gələcək. Qarşılaşma saat 23:00-da başlanacaq.