Ukraynalı futbolçu millidən getdi

Rusiyanın "Zenit" klubunda çıxış edən Yaroslav Rakitski Ukrayna millisindəki karyerasını başa vurduğunu açıqlayıb. 

Sportline.az xəbər verir ki, bu barədə 30 yaşlı müdafiəçi şəxsi "İnstagram" hesabından məlumat verib. 2019-cu il ərzində yığmadan dəvət gözlədiyini bildirən Rakitski futbolun siyasətə çevirildiyini də vurğulayıb: "Mənim üçün ölkənin milli komandasında çıxış etmək şərəfdir. Ukraynanın gücünü sübut etməsindən qürur duydum. Bu komandanı AVRO-2020-yə vəsiqə qazanması münasibətilə təbrik edirəm".

Qeyd edək ki, Yaroslav Rakitski "Zenit"ə 2019-cu ilin əvvəlində Ukrayna "Şaxtyor"undan keçib. Yığma karyerasına 2009-cu ildə başlayan oyunçu son olaraq 2018-ci il oktyabrın 16-da Çexiyanı 1:0 hesabı ilə məğlub etdikləri matçda meydanda olub.