Veteran futbolçu: "Ronaldu Messidən daha çox xeyir verir"

"Dünya rekordumla qürur duyuram. Bütün iranlılar karyeramda qazandıqlarımla fəxr edir. Bu rekord mənə yox, bütün İran xalqına məxsusdur".

Sportline.az xəbər verir ki, bu sözləri İran millisinin keçmiş hücumçusu Əli Daei "La Gazzetta dello Sport"a açıqlamasında deyib.

Milli komandada ən çox qol vuran oyunçu ünvanına sahib olan veteran futbolçu Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldunun onun rekordunu qıracağı halda pis olmayacağını bildirib:

"Ronaldu rekordumu qıranda məyus olmayacam. Bütün dünya rekordları qırılmalıdır. Belə böyük bir futbolçunun məni üstələyəcəyinə ancaq şad olaram. Hələ də əla formadadır. O, milli komandasına Messidən daha çox xeyir verir. Dünyanın üç ən yaxşı futbolçusundan biridir".

Qeyd edək ki, Ə. Daei 109 qolla milli komandalar arasında futbol tarixinin ən yaxşı bombardiridir. Portuqaliyalı hücumçu isə 95 qolla bu göstəricidə ikincidir.