Villi Orban: "Biz hələ yolun başlanğıcındayıq"

"Rəqib topla yaxşı oynasa da, qapı qarşısında biz daha təhlükəli idik".

Sportline.az xəbər verir ki, bu sözləri Macarıstan seçməsinin müdafiəçisi Villi Orban yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib. Avro-2020-nin seçmə mərhələsində dünən Bakıda millimizə 3:1 hesabı ilə qalib gəldikləri oyun haqda danışan "Leyptsiq"in futbolçusu final mərhələsinə vəsiqə qazanmaq şanslarını dəyərləndirib:

"Qrupda lider olduğumuzu bilirəm. Ancaq final mərhələsi haqda danışmaq tezdir. Çünki biz hələ yolun başlanğıcındayıq. İki gün sonra daha bir vacib oyunumuz var ki, ona mümkün olduğu qədər yaxşı hazırlaşmalıyıq. Ümid edirəm ki, qələbə qazanıb, zirvədəki mövqeyimizi gücləndirəcəyik".

Millimizlə matçda dubl edən Orban vurduğu qolları da şərh edib: "Şadam ki, 2 vacib qol vurub, komandama kömək etdim. İkinci qolda bəxtim gətirdi. Çünki topu qapı xətti üzərində dizimə dəyib, tora daxil oldu. Son vaxtlar standart vəziyyətlərdən çox qol vururuq. Çünki Blaş Cudcakın ötürmələri əladır. Əminliklə deyə bilərəm ki, bu, bizim əsas silahlarımızdan biridir. Ümid edirəm ki, növbəti oyunda da qol vuracağıq".