"Vulverhempton" rəsmisinin Renatdan fantastik futbolçu gözləntisi

“Ötən mövsüm ərzində Renatın oyununu izləmişəm. Çox yaxşı perspektivi var. Onu klubumuzda salamlamaqdan şadıq”.

Sportline.az xəbər verir ki, bu sözləri “Vulverhempton”un idman direktoru Kevin Telluel millimizin üzvü Renat Dadaşovun transferi haqda danışarkən deyib.

O, klubun rəsmi saytına açıqlamasında Renatın gələcəkdə fantastik futbolçuya çevriləcəyini bildirib: “Transfer pəncərəsi” dövründə işləyərəkən, yalnız bu günə deyil, gələcəyə də köklənirik. Ümid edirəm ki, gələcəkdə fantastik futbolçuya çevriləcək bir oyunçu ilə müqavilə bağladıq. Renatda “Vulverhempton” üçün axtardığımız futbolçuya xas hər şey var. O, bir il sonra daha yaxşı futbolçu kimi qayıtmaq üçün “Pasuş de Ferreyra”ya icarəyə yollanır. “Pasuş de Ferreyra”nın Diequ Jotanın timsalında necə yaxşı oyunçu yetişdirdiyi məlumdur. İndi isə Renata orada uğurlar arzulayırıq və çıxışını diqqətlə izləyəcəyik”.

Qeyd edək ki, “Vulverhempton” Portuqaliyanın “Eştoril” klubundan transfer etdiyi Dadaşovla 4 illik müqavilə bağlayıb.