Vüqar Məmməd: "Bu komanda final mərhələsinə layiq idi"
"Bu gün Avropanın ən güclü komandalarından biri ilə oynadıq. Rəqib istər fiziki, istər taktiki baxımdan çox bacarıqlı komanda idi".
Sportline.az xəbər verir ki, bu sözləri 19 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Vüqar Məmməd AFFA-nın rəsmi saytına açıqlamasında deyib. AÇ-2019-un elit-raund mərhələsində bu gün İrlandiyaya 1:3 hesablı məğlubiyyəti şərh edən gənc mütəxəssis qrupda qaldıqları üçün məyus olduğunu bildirib:
"Uduzmağımıza baxmayaraq, bu futbolçularla gələcəkdə yaxşı işlər görmək olar. Sadəcə, hər biri ayrı-ayrılıqda öz üzərində çox çalışmalıdırlar. Futbolçularıma bu oyunda göstərdikləri əzmkarlığa görə təşəkkür edirəm. Final mərhələsinə şansımızı itirdiyimizə görə çox məyusuq. Bu komanda final mərhələsinə layiq komanda idi, azacıq diqqətsizliyə görə bu gün məğlub olduq. İrlandiya millisini təbrik edirəm. Hakimliklə bağlı danışmamaq barədə özümə söz vermişəm".
Qeyd edək ki, yığmamız bu məğlubiyyətdən sonra yayda Ermənistanda keçiriləcək final mərhələsinə vəsiqə qazanmaq şansını itirib.