"Yaxşı müdafiə olunduğumuz üçün qalib gəldik" - Klopp
"Oyuna əla başladıq. İlk hissədə meydanın hər nöqtəsində biz daha üstün idik. Nəticədə, rəqib qapısına üç dəfə yol tapa bildik". SportLine.az xəbər verir ki, bu sözləri "Liverpul" klubunun baş məşqçisi Yürgen Klopp Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində "Mançester Siti"yə qarşı keçirilən görüşdən sonra deyib.
Bu hesabın arxayınlığa əsas vermədiyini sözlərinə əlavə edən mütəxəssis cavab görüşünə daha ciddi hazırlaşacaqlarını bildirib:
"3:0 qalib gəlmək, 0:3 məğlub olmaqdan daha yaxşıdır. Bu gün biz qalib gələn tərəf olduq. Ancaq ilk oyundakı hesab heç nəyi həll etmir. Bizi cavab matçı gözləyir. "Mançester Siti" əla komandadır və bu gün bunu bir daha sübut etdi. Bir neçə real qol vəziyyəti yaxaladı. Yaxşı müdafiə olunduğumuz üçün qalib gəldik. Mançesterdə də belə oynamlıyıq".
Almaniyalı futbol mütəxəssisi "Borussiya"nın məşqçisi olarkən "Real"a qarşı keçirdikləri oyunları da xatırlayıb:
"Bir neçə il öncə "Borussiya"da çalışarkən "Real"a səfərdə 0:2 hesabı ilə uduzmuşduq. Həmin vaxt rəqib azarkeşlər bayram edirdilər və düşünürdülər ki, hər şey həll olunub. Biz də, gərək, bu tələyə düşməyək. Vaxtı gələndə sevinmək və partilər təşkil etmək olar".
Xatırladaq ki, "Liverpul" - "Mançester Siti" matçı "mersisaydlılar"ın qələbəsi ilə yekunlaşıb - 3:0.
Bu komandalar arasında cavab matçı aprelin 10-da keçiriləcək.