Yossi Abukasis: "Qələbəni azarkeşlərə həsr edirəm"

Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündə "Neftçi"ni 2:1 hesabı ilə məğlub edərək, pley-offa yüksələn İsrailin "Bney Yehuda" klubunun baş məşqçisi Yossi Abukasis fikirlərini bölüşüb:

Sportline.az xəbər verir ki, 48 yaşlı mütəxəssis hər iki oyunda düzgün taktika seçdiklərini deyib:

"Baş məşqçi karyeramda ölkə kubokunu qazanmağımızdan sonra yaşadığım ən xoşbəxt anlardan biridir. Avropada çıxış etmək üçün tam hazır olmayan, heyətində böyük dəyişikliklər olan komanda idik. Buna baxmayaraq, möhtəşəm iş gördük. Hələ ilk oyunlarımız idi, uğurumuzda heç bir sehr yoxdur. Futbolçular uğur üçün ac idilər. Dor Jan və Məhəmməd Qədir yaxşı oynadı. Rəqib qapımızda ciddi nəsə etmədi. Müdafiə xəttimiz əla iş gördü. Düzgün taktika seçdik, ağıllı oynadıq. "Neftçi" Arsenal"ı mübarizədən kənarlaşdıran əla hücum xəttinə malik kollektivdir. Komandamızda hər kəs böyük iş gördü".

48 yaşlı mütəxəssis pley-offda İsveçin "Malmö" klubuna qarşı keçirəcəkləri oyun barədə bunları deyib:

"Malmö" də möhtəşəm komandadır. Oyunlarını görmüşəm. Əlbəttə, qrup mərhələsinə yüksəlmək bizim üçün böyük uğur sayılacaq. Ancaq gəlin, bu iki oyunu gözləyək. Əlimizdən gələni edəcəyik. Transfer? Bizə faydası olacağını düşündüyümüz futbolçu ilə güclənə bilərik. Rəhbərlik bizə güvənir. Bu səviyyəyə çatmağımızda payları var".