Yurçeviç Avstriya klubuna imtina edib

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç Avstriyanın “Zaltsburq” klubunun yubiley matçında iştirak üçün dəvətini qəbul etməyib.

Sportline.az xəbər verir ki, bu barədə “Report”a xorvatiyalı mütəxəssisin özü məlumat verib. O, bildirib ki, Zaltsburq şəhərinin eyni adlı təmsilçisinin UEFA Kubokunun finalçısı olmasının 25 illiyi ilə bağlı mayın 11-də keçiriləcək yubiley oyununa çağırılsa da, gedə bilməyəcək. 53 yaşlı mütəxəssis səfərin baş tutmamasını həmin tarixdə Azərbayan Premyer Liqasında sonuncu – XXVIII turun matçlarının keçiriləcəyi ilə əlaqələndirib.

Qeyd edək ki, sabiq hücumçu olan Nikola Yurçeviç 1991 – 1995-ci illərdə “Zaltsburq”un formasını geyinib. Həmin dönəmdə “Kazino” adlanan komanda 1993/1994 mövsümündə UEFA Kubokunun fnalında İtaliya “İnter”i ilə qarşılaşıb. Avstriya təmsilçisi həm 26 apreldə Vyanada, həm də 11 mayda Milanda baş tutmuş oyunlarda 0:1 hesabı ilə uduzub. Yurçeviç ilk görüşdə iştirak etməsə də, cavab qarşılaşmasında 90 dəqiqə meydanda olub.