Yurçeviç bəxtsizlikdən şikayətləndi

"Rəqibi təbrik edirəm. İntensiv oyun oldu, əla atmosfer vardı. Hər iki komanda yaxşı hazırlaşmışdı. Oyunun dəst-xətti öz yerində idi".

Sportline.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Avro-2020-nin seçmə mərhələsində səfərdə Uels yığmasına 1:2 hesabı ilə uduzduqları oyundan sonra təşkil edilən mətbuat konfransında deyib.

Xorvatiyalı mütəxəssis bildirib ki, komandası 1 xala layiq oyun nümayiş etdirib: "Futbolçularımla qürur duyuram. Bu gün düzgün oynadılar, vuruşdular. Bəxtimiz gətirmədi. Bir xal qazanmağa layiq idik. Həqiqətən də qəribə, bəxtsizlikdən buraxılan 2 qolla buradan məğlubiyyətlə gedirik. Amma komandanın çıxışından razıyam".

Milli komandamız sentyabrın 9-da Bakıda Xorvatiya yığması ilə qarşılaşacaq. Baş məşqçi artıq bu görüşə hazırlaşacaqlarını vurğulayıb: "Xorvatiya səfərdə Slovakiya üzərində 4:0 hesablı qələbə qazanıb. Bunu gözləmirdim. Uşaqlara dedim ki, başa düşürəm, hamı məyusdur. Amma qarşıda matçımız var. Toparlanmalıyıq. Gənc futbolçularımızın oyununu qeyd edərdim. Ramil Şeydayev, Mahir Emreli, Bəhlul Mustafazadə və Anton Krivotsyukun adlarını çəkə bilirəm. Xüsusən də Bəhlul ilk dəfə belə atmosferdə meydana çıxırdı. Onun ayağında qıcolma vardı. Ona görə də bilmirdik meydana nə qədər qala bilər. Bu səbəbdən, 3-cü əvəzetməni bir az yubatmalı olduq. Belə vəziyyətlərdə adətən əks-hücumda çıxış etməliyik. Ancaq sona doğru futbolçuların irəlidə Şeydayevi dəstəkləmək üçün gücləri qalmadı" (Report)