Yurçeviç Dadaşovu milliyə dəvət etdi

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviçin toplanışa dəvət etdiyi ilk futbolçunun kimliyi müəyyənləşib. SportLine.az xəbər verir ki, bu, Almaniya III Bundesliqasında çıxış edən "Proyssen" kollektivinin üzvü Rüfət Dadaşovdur.

27 yaşlı hücumçu 17 – 25 martda millinin düşərgəsində yer alacaq. R.Dadaşov bu səbəbdən martın 23-də Münster təmsilçisinin  “Unterxaxinq”lə ev oyununda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Azərbaycan millisi martın 21-də AVRO-2020-nin seçmə mərhələsinin ilk turunda Xorvatiya komandasının qonağı olacaq. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv martın 25-də Bakıda Litva yığması ilə yoldaşlıq oyunu keçirəcək.