Yurçeviç rəsmən Azərbaycan millisində
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. SportLine.az qurumun saytına istinadən xəbər verir ki, yığıncaq assosiasiyanın baş sponsoru SOCAR-ın inzibati binasında baş tutub.
İclasın gündəliyində duran əsas məsələ Azərbaycan millisinin baş məşqçisi postuna namizədlərin müzakirəsi və təyinatı olub. Komitə üzvləri bir neçə gündü Bakıda olan xorvatiyalı mütəxəssis Nikola Yurçeviçin təyinatını rəsmiləşdirib.
AFFA-nın baş sponsoru SOCAR-ın inzibati binasında keçirlimiş iclasda aşağıdakı qərarlar qəbul olunub:
1. Nikola Yurçeviç Azərbaycan milli komandasının baş məşqçisi təyin olunsun. Yaxın günlərdə məşqçi ilə müvafiq müqavilə imzalanacaq.
2. Adları aşağıda göstərilmiş məşqçilər müvafiq yaş qruplarından ibarət milli komandaların baş məşqçisi təyin olunsun:
- Milan Obradoviç – Azərbaycan U-21
- Samir Əliyev – Azərbaycan U-19
- Miloş Velebit – Azərbaycan U-15, U-16
Miloş Velebit, eyni zamanda, U-15, U-16, U-17, U-18 və U-19 milli komandalarının koordinatoru kimi fəaliyyət göstərəcək.