"Zaur Axundov dedi ki, Vaqiflə Fuadı qovsan, səninlə müqavilə bağlayacağıq"
Dünən “Keşlə”dən ayrılan Yuri Maksimov Qol.az-a müsahibə verib. Gedişinin əsl səbəblərini açıqlayan ukraynalı mütəxəssis gizli məqamların üstünü açıb.
- Mövsümün sonunda ortabab heyətlə “Keşlə”yə ölkə kubokunu qazandırsanız da, Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunundan sonra istefa verdiniz. Bir qədər gözlənilməz ayrılıq oldu. Nə baş verdi?
- Klubda vəziyyət dözülməz idi. İlkin razılıq əldə olunsa da, müqavilə hələ imzalanmamışdı. Halbuki bunu vaxtında etmək lazım idi. Hətta təlim-məşq toplanışına da müqavilə bağlamamış getdik. Görünür, Avroliqa oyununu gözləyirlərmiş. “Baltsan”la oyundan sonra Zaur Axundovdan müqavilə barədə soruşdum. Qarşıma şərt qoymağa başladılar. Mənə dedilər ki, Vaqif Cavadovla Fuad Bayramovu qovsan, müqavilə bağlayacağıq. Mən isə dərhal komandanı bir araya yığıb iclas keçirdim və vəziyyəti onlara izah etdim. Həmin futbolçulara isə bildirdim ki, mən sizi komandadan göndərmək istəmirəm. Ona görə də özüm “Keşlə”dən getməklə bağlı qərar verdim.
- Az öncə qeyd etdiniz ki, müqaviləni vaxtında bağlamaq lazım idi. Niyə o vaxta qədər rəhbərlikdən bunu tələb etmirdiniz?
- Niyə belə olduğunu özüm də bilmirəm. Hər şey hazır idi, bütün şərtlərdə razılığa gəlmişdik. Hətta mənim başqa təklifim var idi. Öz ölkəsinin iddialı komandalarının birindən dəvət almışdım. Bütün sənədlərimi yığdım ki, məni saxlamasalar, gedəcəyəm. Hələ Bakıda toplanış vaxtı bu barədə soruşdum. Bildirdim ki, Türkiyəyə gedəcəyik və mənimlə hələ müqavilə imzalanmayıb. Dedi ki, narahat olma, gedənə kimi hər şey həllini tapacaq. Türkiyəyə toplanışa getdik, yenə sözləşmə yoxdur. İkinci dəfə klubun idman direktoru Rəmiş Malıyevə yaxınlaşdım. Soruşdum ki, müqavilə məsələsi nə yerdə qaldı. Avropa Liqasında oyuna çıxacağıq, ortada heç nə yoxdur. Zaur Axundova zəng vurdu, o isə dedi ki, qoy, birinci oyunu keçirək, həll edərik. Gördüm ki, vəziyyət pisdir, bildirdim ki, komandanı məşqə çıxarmıram. Ümumiyyətlə, bu şərtlərlə işləyə bilmərəm. Bu vaxt Rəmiş Malıyev ikinci dəfə Zaur Axundova zəng vurub danışdı. Sonra isə mənə zəng edib dedi ki, biz belə bir qərar qəbul etdik. Müqavilə bağlamaq istəyirsənsə, Vaqif Cavadovla Fuad Bayramovu komandadan göndər. Soruşdum ki, nə qədər vaxtım var. Dedilər ki, axşama kimi. Komanda ilə danışdım, dedim ki, mənimlə bu şərtlə müqavilə bağlamaq istəyirlər.
- Maraqlıdır, Zaur Axundov həmin futbolçuları niyə komandada görmək istəmir?
- Bilmirəm. Onlar qarşıma belə bir şərt qoyanda düşündüm ki, əsas heyətin 2 aparıcı üzvünü komandadan necə qova bilərəm. Mənə dedilər ki, biz səni istefaya göndərsək, idman prinsiplərinə zidd hərəkət etmiş olacağıq. Yaxşısı budur, özün çıx de ki, istefa vermişəm. Beləcə qərar qəbul etdim və komandadan ayrıldım.
- Zaur Axundov isə bu gün mətbuata müsahibəsində bildirib ki, Yuri Maksimov şərtlərin onu qane etmədiyini əsas gətirərək yeni müqavilə imzalamaqdan imtina edib...
- Əlbəttə ki, bu şərtlərlə orada qala bilməzdim. Mən nəyə görə 2 aparıcı futbolçunu komandadan qovmalıyam? Mən belə münasibətə layiq deyildim. Sizə bir məsələni dəqiq deyim, “Keşlə”yə baş məşqçi lazım deyil, çünki orada bu işi görən biri var. Yəqin, kimi nəzərdə tutduğumu başa düşdünüz (gülür).
- Zaur Axundov deyib ki, komanda “Baltsan”a uduzmasaydı, Y. Maksimov qala bilərdi. Belə bir şey mümkün idi?
- (Gülür) Bəlkə də məğlubiyyətdən doğan emosiya ilə bu sözləri deyib. Mən “Keşlə”də qalıb işləmək istəyirdim. Amma sonradan qarşıma şərt qoymaları xoşuma gəlmədi. Mən nəticəyə bir başa cavabdeh olan şəxsəm. Ona görə də aparıcı futbolçuları komandadan göndərə bilmərəm.
- Transfer olunan futbolçular sizin istəyinizlə alınıb?
- Əvvəlcə onu deyim ki, mən Ukraynadan komandaya heç bir futbolçu gətirməmişəm. Bu işlərlə Zaur İmayılov məşğul olurdu. Futbolçuları göstərirdilər, mən də sistemə uyğun gəlib-gəlmədiyini deyirdim. Bütün transferlər bu cür olub. Transfer məsələsində heç kimi aldatmamışam. Zəif futbolçular təklif olunub, amma götürməmişəm. Əgər həmin legionerlər azərbaycanlı uşaqlardan zəifdirlərsə, rəqabət olmayacaqsa, niyə almalıyam?
- “Baltsan”a məğlubiyyətdə bu amillərin rolu oldumu?
- Bəlkə də hardasa təsiri oldu. Amma biz oyuna ciddi hazırlaşmışdıq. Sadəcə, tasadüfi qollar buraxıb, məğlub olduq.
- “Keşlə”də işlədiyiniz 4-5 ay üçün heyfslənirsiniz?
- Yox, heyfslənmirəm. Sadəcə, orada baş verənləri başa düşməkdə çətinlik çəkirəm.