"Zirə" komandasında iki yubiley

Azərbaycan Premyer Liqasında XX turun “Qarabağ”la səfər oyunu “Zirə”nin iki futbolçusu üçün yubileylə əlamətdar olub.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Kamal Bayramov və yarımmüdafiəçi İlkin Muradov 40-cı dəfə “qartallar”ın heyətində meydana çıxıb.

 Bu göstəricidə Riçard Qadzeyə çatan cütlük klub tarixində ən çox oyun keçirən futbolçular siyahısında 14 - 16-cı yerlərdə qərarlaşıb. Muradov bu görüşlərdə 1 qol vurub, Bayramov isə 36 top buraxıb.

Hər iki oyunçu üçün Premyer Liqada da əlamətdar görüş olub. 10 kubok matçında da iştirak edən 34 yaşlı qolkiper çempionatda 30-cu dəfə “Zirə”nin formasını geyinib. 23 yaşlı yarımmüdafiəçi isə Premyer Liqada 35-ci oyununa çıxıb. O, 5 kubok matçında da şans qazanıb.
Qeyd edək ki, Kamal 2015/16, İlkin 2016/17 mövsümündə “Zirə”də debüt matçına çıxıb.