"Zirə" - "Səbail" rəqəmlərin gözü ilə

Bu həftə Premyer Liqada mövsümün ilk yarısı başa çatacaq.

Sportline.az “Zirə”nin facebook səhifəsinə istinadən xəbər verir ki, 2019-cu ilin sonuncu – XIV turunda komanda “Səbail”lə qarşılaşacaq.

“Qartallar”ın ev oyunu oyunda rəqiblər arasında yubiley – 10-cu çempionat qarşılaşması olacaq. İlk dəfə 2017/18 mövsümündə görüşən komandalar indiyədək 9 dəfə üz-üzə gəlib. Bu matçlarda üstünlük “Zirə”nin tərəfindədi. 4 qələbəsi olan komanda 2 heç-heçə edib və 3 dəfə uduzub. Bu məğlubiyyətlərdən biri texniki nəticə olub. 13 qolun vurulduğu matçlarda top fərqi də “Zirə”nin xeyrinədi – 8:5. “Səbail”lə qarşılaşmalarda 7 futbolçu qol sevinci yaşayıb. Xulio Sezar Rodrigez rəqib qapısına 2 dəfə yol tapıb.

5-ci dəfə “Səbail”lə öz meydanında üz-üzə gələcək “Zirə” əvvəlki 4 oyunda 1 qələbə qazanıb, 2 heç-heçə edib. Ev oyunundan yalnız bir dəfə xalsız ayrılan komanda 4 qol vurduğu matçlarda eyni sayda top buraxıb.

Qeyd edək ki, “Zirə” – “Səbail” matçı dekabrın 8-də baş tutacaq.