"Zirə" və "Neftçi"nin 14-cü dueli

Topaz Premyer Liqasının XI turunda "Zirə” "Neftçi” ilə qarşılaşacaq. 

SportLine.az xəbər verir ki, bu görüş komandaların çempionatda 14-cü oyunu olacaq. İlk dəfə 2015/16 mövsümündə üz-üzə gələn rəqiblərin duellərində üstünlük qəsəbə təmsilçisinin tərəfindədir. "Zirə” əvvəlki 13 matçdan 8-də qalib gəlib. 3 dəfə heç-heçə edən komandamız yalnız son iki görüşdə uduzub. 

Rəqib qapısından 16 top keçirən "Zirə" 9 qol buraxıb. Bu 16 qola 11 futbolçu imza atıb, daha bir qolu "Neftçi” öz qapısına vurub. Duellərdə "Zirə”nin ən yaxşı bombardiri Luis Alberto Diez 3, Nelson Bonilla və Riçard Qadze hərəyə 2 dəfə qol sevinci yaşayıb.

"Qartallar” "Neftçi” ilə səfər matçlarında daha yaxşı çıxış edir. 7-ci dəfə rəqibinin qonağı olacaq komanda əvvəlki 6 matçda uduzmayıb. Səfərdə 3 qələbə qazanan "Zirə” eyni sayda heç-heçə edib. Rəqib meydanında 7 qola sevinən futbolçularımız 4 top buraxıb.