"Zirə"nin futbolçusu üçün əlamətdar gün

Topaz Premyer Liqasının XXIII turunun “Neftçi” ilə oyunu “Zirə”nin futbolçusu Mfo Kqasvane üçün əlamətdar olub.

Sportline.az xəbər verir ki, 25 yaşlı hücumçu Azərbaycan karyerasında ilk dubla imza atıb. Lakin botsvanalı forvardın qolları komandamızın xal qazanması üçün yetərli olmayıb – 2:4.
Mfo “Zirə”nin heyətində Premyer Liqada dubl müəllifi olan 9-cu futbolçudur. Onadək bir görüşdə iki qol vurmağı bacaran səkkiz oyunçu ümumilikdə 11 dubl gerçəkləşdirmişdi. Kqasvane 12-ci belə hadisənin səbəbkarı olub. 
“Zirə”də dubla imza atan ilk Afrika təmsilçisi hər iki qolu meydana sonradan daxil olaraq vurub. O, klub tarixində bunu bacaran 4-cü oyunçudur. Mfoya qədər Luis Alberto Diez, Mirsahib Abbasov və Vüsal İsgəndərli də ehtiyat oyunçular skamyasında başladığı görüşdə iki qola sevinib.