"Zirə"nin Sezarı ilk "20-lik"də

“Zirə”nin cari mövsüm Topaz Premyer Liqasında ən çox qol vuran futbolçularının siyahısında ikihakimiyyətlilik yaranıb.

Sportline.az xəbər verir ki, 22-ci turun “Səbail”lə oyununda (1:2) rəqib qapısına qol vuran Xulio Sezar Rodriges hesabını üç topa çatdırıb. 29 yaşlı paraqvaylı hücumçu bu göstəricidə Mirsahib Abbasova çatıb.

Qış fasiləsində transfer olunan Rodriges həm də “Zirə”nin tarixində ən çox qol vuran oyunçular siyahısında irəliləyib. Cənubi amerikalı Premyer Liqada “qartallar” üçün 3 qol vuran Adil Nağıyev, Tellur Mütəllimov, İqor İvanoviç və Mirsahib Abbasova çatıb. Bu oyunçular bombardirlər cədvəlində 16-20-ci yerləri bölüşürlər.

“20-liy”ə daxil olan Rodriges üç qolu cəmi 7 oyunda vurub. Bu da “Zirə”nin rekordunun təkrarıdır. İndiyədək yalnız Nelson Bonilla ilk yeddi matçında belə məhsuldarlıq göstərib. O, 2015/16 mövsümündə debüt etdiyi “Zirə”dəki qol sayını 7-ci oyunda 3-ə çatdırıb.

Qeyd edək ki, "Zirə"nin Premyer Liqadakı ən yaxşı bombardiri olan Bonilla 14 dəfə fərqlənib.