"Zirə"nin legioneri üçün əlamətdar tur

“Zirə”nin Premyer Liqadakı bombardirləri siyahısında dəyişiklik olub.

Sportline.az xəbər verir ki, XXVII turun “Keşlə” ilə səfər oyununda (3:1) dubla imza atan Xulio Sezar Rodriqez “Qartallar”ın heyətində çempionatdakı qol sayını 6-a çatdırıb.

Qış fasiləsində komandaya qoşulan paraqvaylı hücumçu klub tarixinin bombardirləri sırasında 4-cü yerə şərik çıxıb. O, eyni sayda qola imza atan Yovan Krneta, Vüsal İsgəndərli, Aleksandr Dedova çatıb. Rodriqez yalnız üç oyunçudan – Nelson Bonilla (14), Riçard Qadze (10) və Milan Duriçdən (8) geri qalır.

Xulio “Zirə”nin heyətində ilk dubluna imza atıb. O, komandanın tarixinə bir çempionat matçında iki qol vuran 10-cu futbolçu kimi tarixə düşüb. Rodiqesə qədər 9 oyunçumuz ümumilikdə 12 dubla imza atmışdı. İki qol vuran forvard komandamızın dubl sayını 13-ə çatdırıb. Nelson Bonilla üç, Təmkin Xəlilzadə iki dəfə belə uğura imza atıbsa, digər yeddi oyunçu, o cümlədən paraqvaylı bir qarşılaşmada iki dəfə fərqlənib.