Arif Rəhimov Azərbaycan Qran-prisinə xərclənən vəsaiti açıqladı

“2016-cı ildə pit-bildinqin qurulması və trasın hazırlanmasına 80 milyon dollar xərcləmişik. Bu il və qarşıdakı mövsümlər üçün montaj və demontaj üçün 15 milyon dollara yaxın vəsait lazımdı”. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, bunu Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov deyib.

Bakı bu il “Formula-1” üzrə Qran-pri turnirinə ikinci dəfə ev sahibliyi edəcək. Artıq Azərbaycan Qran-prisi adlanan yarış iyunun 23-25-də olacaq. Ötən il və qarşıdakı mövsümlərlə bağlı danışan Rəhimov bu il asfalt qatının döşənməsinə 12 milyon dollar xərcləndiyini də açıqlayıb: “Şəhər trasları elədi ki, burda xərcləri öncədən proqnozlaşdırmaq çətindi. Düşünürdük ki, Azərbaycan iqtisadiyyatını stimullaşdırmaq, turizmi inkişaf etdirmək və ölkəni tanıtmağa nail olaq. Biz bu məqsədlə bütün dünyada istifadə olunan ideyaları tapmağa çalışırdıq. Hesablamalar aparıldı və ortaq qərara gəlindi ki, məhz “Formula-1” getməli olduğumuz istiqamətdi”.