Avropa Qran Prisinin könüllüləri FHN-nin Akademiyası ilə tanış oldular

İyunun 10-da Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Formula1 Avropa Qran Prisinin könüllülərinin iştirakı ilə tədbir keçirildi.

Tədbirin əvvəlində akademiyanın rəisi general-mayor Pənah Süleymanov Fövqəladə Hallar Nazirliyi (FHN) və bu nazirliyə məxsusakademiya haqqında iştirakçılara ətraflı məlumat verdi.

Sonra çıxış edən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İşçi Qüvvəsi üzrə meneceri Atif Qənbərov və digər natiqlər dövlət tədbirlərində könüllülərin fəaliyyəti, tədbir keçirilən ərazilərdə baş verə biləcək fövqəladə hallar zamanı davranış qaydaları və tamaşaçıların təxliyyəsi haqqında danışdılar.

Tədbirdə FHN-in əməkdaşları tərəfindən şərti xəsarət almış şəxslərə ilkin tibbi və psixoloji yardımın göstərilməsi əyani olaraq nümayiş etdirildi.

Könüllülərin FHN-nin Akademiyası ilə tanışlığından sonra nazirliyin Dövlət Yanğından Mühafizəvə Xüsusi Riskli Xilasetmə xidmətlərinin yanğınsöndürmə və qəza-xilasetmə texnikalarının nümayişi oldu.