Azərbaycanın bir qrup idmançısı Yay Olimpiya Oyunlarına yola düşüb
Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın bir qrup idmançısının Fransanın paytaxtı Paris şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına yolasalma mərasimi baş tutub.
Sportline.az xəbər verir ki, yolasalma mərasimində iştirak edən gənclər və idman naziri Fərid Qayıbov idmançılara uğurlar arzulayıb və onlara inandığını bildirib.
Nazir ümid edib ki, idmançılar uğurlu çıxış edəcəklər: “Bu gün ilk nümayəndə heyətimiz yola düşür. Artıq ayın 25-də oxatma üzrə çıxışlara başlanılacaq. 48 idmançı ilə ilk dəfə olaraq 15 idman növündə qatılırıq.
Təbii ki, hər bir idmançımız və federasiyalarımız bu yarışlara illərlə hazırlaşırlar. İnanıram ki, idmançılarımız qalib gələcək və bizi layiqincə təmsil edəcəklər. Ən əsası, üzərlərindəki həyəcan hissini atmalıdırlar. Azərbaycan idmançıları üçün atletlər kəndində hər bir şərait yaradılıb”.
Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu isə qeyd edib ki, cüdoçularımız Olimpiya Oyunlarına yüksək səviyyədə hazırlaşıblar:
“Həm biz, həm də Gənclər və İdman Nazirliyi tərəfindən idmançılara hər bir şərait yaradılıb. İnanıram ki, onlar da bunun qarşılığında ölkəmizi Parisdə layiqincə təmsil edəcəklər. Mən ora yollanan bütün cüdoçularımıza inanıram”.
Qeyd edək ki, iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycanı 48 idmançı 15 idman növü üzrə 17 proqramda təmsil edəcək. Azərbaycan komandasının yarışdakı bayraqdarları cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev olacaqlar.