Bakı Marşallar Klubunun ulduz elçisi təqdim olundu

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) nəzdində fəaliyyət göstərən Bakı Marşallar Klubu (BMK) Azərbaycanın əməkdar artisti Murad Dadaşovu Formula 1 Avropa Qran Prisində iştirak edəcək marşalların ulduz elçisi elan etdi.

Mayın 6-da, Marriott Abşeron otelində təşkil olunmuş tədbirdə BŞH-nın Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai marşalların ulduz elçisini ictimaiyyətə təqdim etdi.

Ulduz elçinin təqdim olunmasından sonra kürsüyə çıxan BŞH-nın Əməliyyatlar şöbəsinin müdiri və eyni zamanda BMK-nun rəhbəri vəzifəsini icra edən Çingiz Mehdiyev öz çıxışında bildirdi ki, ulduz elçi seçilən Murad Dadaşov ölkədə marşallıq fəaliyyətinə yüksək rəğbətin yaranması istiqamətində çalışacaq: “Marşallıq fəaliyyətinə Azərbaycanda daha geniş kütlədə maraq oyatmaq və Formula 1 Avropa Qran Prisində iştirak edəcək marşallara dəstək göstərmək məqsədilə Murad Dadaşov Bakı Marşallar Klubunun rəsmi ulduz elçisi seçilib.

Bildiyiniz kimi, əməkdar artist Murad Dadaşov ölkəmizdə həm də tanınmış prodüser və sevilən aparıcıdır. Hesab edirəm ki, Bakı Marşallar Klubunun fəaliyyətinin ictimaiyyətə çatdırılmasında onun bizə köməyi böyük olacaq.”

Daha sonra çıxış edən Murad Dadaşov yeniyetmə illərindən etibarən Formula 1 yarışlarını həvəslə izlədiyini bildirdi və qeyd etdi ki, marşallarla bir arada olmaqdan böyük zövq alır: “Marşalların ulduz elçisi olmaq olduqca şərəfli bir missiyadır. İndiyədək ölkəmizdə keçirilən iri miqyaslı tədbirlərdə fəxri nümayəndə kimi yaxından iştirak etmişəm. Ancaq burada olmaqdan xüsusi zövq alıram.

Gənclərimiz Formula 1-in ruhuna xas böyük çoşğu və həyəcana sahibdirlər. Mən də öz növbəmdə çalışacağam ki, onlar Avropa Qran Prisində böyük həvəslə iştirak etsinlər və sahib olduqları potensialı ən yüksək səviyyədə ortaya qoysunlar.”

Təqdimatdan sonra Murad Dadaşov, Trek Marşalları üçün təşkil olunan təlim prosesi ilə yaxından tanış oldu. Bəhreyn Motor-idman Federasiyasının peşəkar nümayəndələri tərəfindən keçirilən bu təlimlərdə 350-dən çox marşalın iştirakı nəzərdə tutulub.