Bakıda Formula 1 üzrə Avropa Qran Prisi start götürür

Bakıda ilk dəfə keçiriləcək Formula 1 üzrə Avropa Qran Prisi bu gün start götürür. SportLine.az xəbər verir ki, Bakının mərkəzi küçələrindən keçən trekin uzunluğu 6 km-dən bir qədər çoxdur. Bu göstərici ilə Bakı Şəhər Halqası trekin uzunluğuna görə dünyada ikincidir. Layihənin müəllifi müasir Formula 1 treklərinin memarı olan Herman Tilkedir.  

Trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əks istiqamətində olacaq. Ümumilikdə 30 minə yaxın tamaşaçı eyni anda yarışı tribunalardan canlı izləyə biləcək. Trekin ən geniş yeri 13, ən dar hissəsi 7.6 metr təşkil edir. 

Start və Finiş xətti Azadlıq meydanındadır. Həmçinin burada Formula 1 Paddok Klubu, komandaların boksları və pit-leyn qurulub.

19 və 20-ci döngələrdən sonra 1500 metrlik məsafədə 340 km/saat sürət yığacaq pilotları kəskin döngə gözləyir. 90 dərəcəli sol döngədən sonra, piotlar 300 metrlik məsafədə Puşkin küçəsindən keçəcəklər. İkinci döngədən iştirakçıları Xaqanı küçəsi boyu ikinci böyük sürətlənmə xətti gözləyir.

Neftçilər prospektində - təxminən 300 metr məsafədə Formula 1 bolidləri eyni küçədə əks istiqamətlərdə hərəkət edəcəklər, onları yalnız baryerlər ayıracaq. Trekin ən çətin hissəsi 8-ci döngədən sonra başlayır. Qoşa qala qapısı istiqamətində yol maksimal  daralır. Bu hissədə pilotları kəskin yoxuş gözləyir.

16-cı döngə pilotları yenidən Neftçilər prospektinə yönəldəcək. Məhz bu küçədə birinci döngəyə tərəf sürətlənmə prosesi başlayacaq. Bu döngədən sonra pilotlar 1500 metr məsafə qət edərək yenidən 1-ci döngəyə gəlib çatacaqlar. Trekin məhz bu hissəsində bolidlərin sürətinin ən yüksək həddə - 340 km/saata çatacağı gözlənilir. 

Yarış həvəskarları ilk gündə Bakıya gələn pilotların sərbəst yürüşlərinə şahidlik edəcəklər. Birinci test yürüşü 13:00-da start götürəcək və 1.5 saat davam edəcək. Pilotlar ikinci dəfə saat 17:00-da start xəttinə yaxınlaşacaqlar. İlk sınaq yürüşündə olduğu kimi bu dəfə də müddət 1.5 saat nəzərdə tutulub.

Bundan əlavə avtomobilsevərlər GP2-nin sərbəst yürüşlərini də izləyə biləcəklər. Birinci sınaq yürüşü saat 11:00-da başlayacaq və 45 dəqiqə davam edəcək. GP2-nin sıralama yürüşü isə 15:00-da başlayacaq.

Yarışı canlı izləyəcək tamaşaçılar saat 20:00-dan etibarən məşhur müğənni Kris Brounun ifalarını canlı dinləyə biləcəklər.

Qeyd edək ki, Formula 1 üzrə Avropa Qran Prisi iyunun 19-dək davam edəcək. İyunun 18-də pilotlar sıraları müəyyən edəcək yürüşə çıxacaqlar.