Baş məşqçi 2 ay sonra komandadan ayrıldı

"Herta"nın baş məşqçisi Yürgen Klinsmann istefa verib.

Sportline.az xəbər verir ki, bu barədə o, özünün "Feysbuk" hesabında yazıb. 55 yaşlı çalışdırıcı Bundesliqada qalmaq uğrunda mübarizədə birlik, konsentrasiyanın vacib olduğunu, bunlar olmadıqda məşqçinin öz imkanlarından istifadə edə bilməyəcəyini bildirib. Y.Klinsmann bu səbəbdən uzun müddət düşündükdən sonra istefa verdiyini yazıb.

Berlin təmsilçisi də alman mütəxəssisin istefasını təsdiqləyib. Klub bu qərara təəccübləndiyini açıqlayıb. Komandanı müvəqqəti olaraq Aleksandr Nourinin çalışdıracağı bildirilib.

Qeyd edək ki, "Herta" hazırda ölkə çempionatında 23 xalla 18 komanda arasında 14-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Klinsmann noyabrın sonunda "Herta"ya baş məşqçi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda 10 rəsmi matçda 3 qələbə qazanmışdı.