Beqoviçlə bağlı vacib qərar verildi

Mövsümün ilk yarısında icarə əsasında "Qarabağ"da çıxış edən "Milan"ın qapıçısı Asmir Beqoviç uzun müddətdən sonra Bosniya və Herseqovina millisinə dəvət alıb.

Sportline.az "Reprezentacija" nəşrinə istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Duşan Bayeviç 33 yaşlı oyunçunu sərəncamında olan ən yaxşı qolkiper hesab edir. 72 yaşlı mütəxəssis və onun köməkçiləri qapıçı ilə görüşüb və onun komandaya qayıtdığını bildiriblər.

Beqoviç son olaraq millinin heyətində 2018-ci ilin oktyabrında Türkiyə ilə qolsuz bərabərə qaldıqları yoldaşlıq görüşündə meydanda olub. Komandanın sabiq baş məşqçisi Robert Prosineçki ona rəsmi görüşlərdə şans verməyib.

Qeyd edək ki, Asmir Beqoviç müqavilə ilə İngiltərə "Bornmut"una məxsusdur. Onun klubla müqaviləsi 2021-ci ilin iyununadəkdir. Qapıçı "Qarabağ"ın heyətində Avropa Liqasının qrup mərhələsi və Azərbaycan Premyer Liqasının oyunlarında meydanda olub. O, icarə əsasında çıxış etdiyi "Milan"ın heyətində debüt etməyib. Bosniya və Herseqovina yığmasında Ağdam təmsilçisinin digər sabiq qapıçısı İbrahim Şehiç də çıxış edir. (report.az)