"Beşiktaş"ın futbolçuları Azərbaycan klublarında?

"Beşiktaş" bir neçə xarici klubla əməkdaşlıq etməyə hazırlaşır. Həmin ölkələrdən biri də Azərbaycandır.
 
Sportline.az xəbər verir ki, istedadlı gənc futbolçularının son vaxtlar qısa müddətdə aşağı liqalara yollanıb, orada da yoxa çıxmalarından narahat olan İstanbul təmsilçisi bunun qarşısını almaq üçün yeni sistem qurmaq niyyətindədir. "Ağ-qaralar" həmin gəncləri Monteneqro, Kosovo, Albaniya, Azərbaycan, Bosniya və Herseqovina kimi ölkələrin yüksək liqa klublarına icarəyə verməyi planlaşdırırlar. Həmçinin həmin komandalarla oyunçu dəyişikliyi də planlaşdırılır.
 
"Beşiktaş" rəhbərliyi ilk mərhələdə Ərsin Dastanoğlu, Oğuzhan Akgün, Kərəm Kalafat, Oğuzhan Aydoğan, Ərdoğan Kaya və İlkay İşlər kimi gələcək vəd edən gənclərini oyun praktikası toplaması üçün adıçəkilən ölkələrin çempionatlarına yollamaq niyyətindədir.
 
Klubun İdarə Heyətinin üzvü Fırat Fidan danışıqların davam etdiyini və bir il müddətinə oyunçu dəyişiklikləri etməyi düşündüklərini söyləyib. (Apasport.az)