Daha 2 güləşçimiz Avropa çempionu oldu
Azərbaycan güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatını 13 medalla başa vurublar.
Sportline.az xəbər verir ki, bu gün Azərbaycanın dörd sərbəst güləşçisi final görüşünə çıxıb.
Ali Tsokayev (92 kq.) bolqarıstanlı Ahmed Batayevi 5:3 hesabı ilə məğlub edib və çempionluğunu rəsmiləşdirib.
Giorgi Meşvildişvili (125 kq.) Vladislav Baytsayevə (Macarıstan) 8:0 hesabı ilə qalib gələrək Avropa çempionu olub.
Turan Bayramov (74 kq.) finalda slovakiyalı Taymuraz Salkazanova 2:4 hesabıyla məğlub olub və yarışı 2-ci pillədə başa vurub.
Arseniy Djioyev (86 kq.) rusiyalı İbrahim Kadiyevə (UWW) 1:2 hesabıyla məğlub olaraq gümüş medalla kifayətlənib.
Nurəddin Novruz (61 kq.) isə üçüncü yer uğrunda görüşdə italiyalı Simone Pirodduya uduzub.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) Avropa çempionu olub. Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Yunan-Roma güləşi üzrə milli komanda hesabında birinci yeri tutub.
Qadın güləşçilərdən Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc mükafata sahib çıxıblar. Sərbəst güləşdə İslam Bazarqanov (57 kq) qızıl, Cəbrayıl Hacıyev (79 kq) bürünc medal əldə edib.