Azərbaycan güləşçisi Ali Tsokayev dünya çempionatında bürünc medal qazanıb
Azərbaycanın güləş millisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatının son günündə daha bir medal qazanıb.
Sportline.az xəbər verir ki, Ali Tsokayev (92 kq) debüt etdiyi mundialı bürünc medalla başa vurub.
O, iranlı dünya mükafatçısı Amirhüseyn Firuzpurbandbeyə 6:0 hesabıyla qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Bundan başqa, İslam Bazarqanov (57 kq) bürünc medal uğrunda görüşdə rusiyalı Abubakar Mutaliyevə 2:6 hesabıyla məğlub olub.
Turan Bayramov (74 kq) təsəlliverici görüşlərdə qələbə qazanaraq bürünc medal uğrunda qarşılaşmaya yüksəlib.
Güləşçi əvvəlcə kosovolu Eqzon Xonini 7:0 hesabıyla, ardınca isə tacikistanlı Viktor Rassadini xalların keyfiyyətinə görə (2:2) üstələyib. Lakin bürünc medal uğrunda qarşılaşmada yaponiyalı Yoşinosuke Aoyagiylə bacarmayıb – 0:11.
Cəbrayıl Hacıyev (79 kq) üçüncü yer uğrunda qarşılaşmada Belarusun olimpiya mükafatçısı və Avropa çempionu Maqamedxabib Kadimaqomedova 0:3 hesabla uduzub.