“Ardıcıl oyunlarda qol vurmağımız sevindiricidir” - Azər Məmmədov

"Kəpəz"in baş məşqçisi Azər Məmmədov Misli Premyer Liqasının 10-cu turu çərçivəsində "İmişli"yə qalib gəldikləri matçı (1:0) şərh edib.

Sportline.az xəbər verir ki, mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında oyun haqda fikirlərini bildirib və jurnalistlərin suallarını cavablayıb:

"Bilirdik ki, yaxşı komandaya qarşı oynayırıq. “İmişli” son iki matçda qələbə qazanmışdı və bizi çətin oyunun gözlədiyini anlayırdıq. Gəncədə “Kəpəz”ə qarşı oynamaq rəqib üçün də asan deyil. Qələbəmizdə azarkeşlərimizin və futbolçularımızın böyük payı var. Komanda bu gün çox yaxşı oynadı. Oyundan-oyuna inkişaf edirik. Ən sevindirici məqamlardan biri də ardıcıl neçə oyundur qol vurmağımızdır. Bununla yanaşı, bu gün qapımızı toxunulmaz saxlamağı da bacardıq. Belə davam etsək, xal və xallar qazanacağıq. Son iki matçda demək olar ki, hücumçusuz oynayırdıq. Hücumçusuz üç qol vurmağımız futbolçuların əziyyətinin bəhrəsidir".

- Kennet Kalunqanın start heyətində yer almamasının səbəbi nədir?

- Son iki matçda hücumçusuz oynamağımızın səbəbi Kalunqanın zədədən yeni qayıtması idi. Onu 90 dəqiqə oynadaraq uzun müddətə itirməkdənsə, ehtiyac duyduğumuz qədər meydanda saxlamağı düşündük. Kalunqa və Namik Ələskərovun meydana daxil olması oyunumuzu canlandırdı.

- Namik Ələskərovun qolu “Ayın qolu” layihəsinin qalibi ola bilər?

- Məşqçilərlə bu barədə danışmışıq. Biz də elə düşünürük.

- Namik Ələskərovun ikinci hissədə meydana çıxması taktiki gediş idi, yoxsa o, 90 dəqiqə oynamağa hazır deyil?

- Kalunqa ilə bağlı dediklərim Namikə də aiddir. Hər iki futbolçu “Zirə” ilə oyundan sonra zədələnmişdi. Onları qorumağa çalışırdıq. Bizim üçün futbolçuların sağlamlığı vacibdir. Meydana daxil olduqdan sonra hər ikisi komandanın gücünə güc qatdı.

- “Kəpəz” əvvəl qol vurmaqda çətinlik çəkirdi. İndi isə demək olar ki, hər oyunda fərqlənir. Bunun səbəbi nədir?

- Bu, futbolçuların məşqlərdə çəkdiyi əziyyətin bəhrəsidir. Keyfiyyətin üzərində çox çalışırıq. Komandamız hər qol vuranda çox sevinirəm. Futbolçulara rahatlıq və güvən vermişəm. Düşünürəm ki, onlar da bu güvəndən istifadə edərək rahat futbol oynayırlar.

- Meydanda çox emosional idiniz. Bu, səhhətinizə təsir etmir?

- Məncə, təsiri var. Sarı vərəqə aldım və buna görə çox təəssüflənirəm. Futbolçu karyeramda nadir hallarda vərəqə almışam. Bu, məşqçi kimi aldığım ilk sarı vərəqə idi. Bəzi şeyləri nəzarətdə saxlamağı öyrənməliyəm.