Daha bir idmançımızda dopinq aşkarlandı
Azərbaycanın daha bir idmançısında dopinq aşkarlanıb.
Sportline.az Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytına istinadən xəbər verir ki, bu, Yekaterina Sariyevadır. Yüngül atletika üzrə Azərbaycan millisinin üzvü 12 ay müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Cəza 2017-ci il sentyabrın 23-dən qüvvəyə minib.
23 yaşlı idmançıdan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit olunub. Onun orqanizmində furosemid aşkarlanıb.
Qeyd edək ki, Yekaterina Sarıyeva üçtəkanla tullanmada III İslam Həmrəyliyi Oyunlarında qızıl, IV İslam Həmrəyliyi Oyunlarında isə bürünc medal qazanıb.
Xatırladaq ki, daha əvvəl Azərbaycanın daha 5 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün AMADA tərəfindən cəzalandırılıb.