Deviç məsələsinə aydınlıq gətirildi

"Sabah" yayda komandanı tərk edərək Serbiyanın "Vozdovats" klubuna yollanan Marko Deviçi geri qaytardı. Serb hücumçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
 
Bundan sonra müəyyən söz-söhbətlər yayılıb. Bildirilir ki, "Sabah"ın yeni baş məşqçisi Jelko Sopiç məhz Deviçin istəyi ilə komandaya gətərilib. Baş məşqçi isə serb forvardın geri qaytarılmasını istəyib. Hətta onun bir müddət sonra köməkçi-məşqçi də təyin olunacağı deyilir.
 
Bununla bağlı "Sabah"ın idman direktoru Emin Abbasovla söhbətləşdik.
 
- Marko Deviç komandaya qayıtdı. Niyə getmişdi, niyə qayıtdı? Kimin təşəbbüsü oldu?
- Markonun bizimlə 2 illik müqaviləsi var idi. O, ötən mövsüm 8 qolla komandamızın ən məhsuldar oyunçusu olmuşdu və bu mövsümə də ciddi hazırlaşırdı. Lakin ailə məsələləri səbəbindən vətəninə qayıtmalı oldu. Klub prezidentinə durumu izah etdi, biz də anlayış göstərdik. Amma bu müddətdə necə deyərlər, ünsiyyətdən qopmamışdıq. Onun "Vozdovats"dakı çıxışını da izləyirdik. Hücumçu axtarışlarına başlayanda ağlımıza gələn oyunçulardan biri də Marko oldu. Bizdə olan məlumata görə, ailə məsələlərini yoluna qoymuşdu və bura dönməyində problem olmamalıydı. Niyə Deviç soruşsaz, ilk növbədə onu yaxşı tanıyırıq. Çox peşəkar insandı. Fərdi hazırlığına, yeməyinə, yatmağına və s. çox diqqət yetirən futbolçudur. Həm də çempionatımıza bələddi. Yəni uyğunlaşma problemi olmalı deyil. Bunları nəzərə alıb ona təklif göndərdik. O da mövsümün sonuna qədər bizə kömək etməyə razılıq verdi.
 
- Belə bir söz-söhbət var ki, hazırkı baş məşqçiniz Jelko Sopiç Deviçin istəyi ilə gətirilib. O da Deviçi geri qaytarıb. Çox güman ki, bir müddət sonra baş məşqçinin köməkçisi təyin olunacaq. Buna münasibətinizi bilmək istəyirik...
- Dediyim kimi, bu müddət ərzində Deviçlə əlaqələrimiz davam edirdi. Və məşqçi axtarışına çıxanda onun da fikrini öyrənmişdik. Çünki Marko həm buranın səviyyəsini dəqiq bilir, həm də Avropada billdiyi, tanıdığı mütəxəssislər az deyil. Biz öz şərtlərimizi ona da demişdik, başqalarına da. Hansı maaşa, hansı şərtlərə cavab verən məşqçi axtarırıq. O bizə Jelko Sopiçi demişdi, xarakterizə etmişdi. Biz də onun fəaliyyəti ilə yaxından maraqlandıqdan sonra Sopiçin üzərində dayandıq. Gənclərlə işləmək bacarığı, "Dinamo" (Zaqreb) sistemindən çıxan biri kimi bizi cəlb elədi. Aydın məsələdi ki, hər bir mütəxəssis harasa gedəndə tanıdığı futbolçuları gətirməyə çalışır. Məsələn, Sopiç israrla Mario Marinanı istəyirdi və onu hansı keyfiyyətlərinə görə gətirmək istədiyini izah etmişdi. Şərtləri razılaşdıq və Marionu sıralarımıza qatdıq. Deviçə gəlincə, məsələnin qoyuluşu bir qədər düzgün deyil. Məşqçi Sopiç olmasaydı belə, qışda Markoyla danışmağı planlaşdırırdıq. Hücumçu çox qıt mövqedi. Qışda boşda olan oyunçu tapmaq çətindi. Kimsə nəsə düşünəcək deyə, Marko Deviçi gətirmək fikrindən daşınacaq deyildik.
 
Karyerasını bitirəndən sonra "Sabah"da məşqçi kimi qalmaq məsələsinə gəlincə, bu haqda indidən nəsə demək çətindi. Əgər həqiqətən belə istəyi olsa, məncə, bunu müzakirə eləmək olar. Amma dediyim kimi, bunlar sonranın işidi.